“Güzəştli mənzil”ə kiberhücum neytrallaşdırılıb –Cinayət işi başlanılıb
"03 dekabr 2025-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılmış və təmin edilib".
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin yaydığı birgə məlumatında deyilir.
Bildirilir ki, mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb.
Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları - C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 03 dekabr 2025-ci il tarixində saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər edib.
Qeyd olunan şəxslər DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə - hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Reportyor.az
MANŞET / KARUSEL / HADİSƏ
Tarix: 26-12-2025, 18:54




























