İlk dərs günü ilə bağlı XÜSUSİ TAPŞIRIQ - Problem olmayacaq
Yeni tədris ilinin başlaması ilə əlaqədar nəqliyyat sistemində yeniliklər olacaq.
BAKU.WS xəbər verir ki, həm avtobus, həm də metrodan istifadə edən sakinlərin daşınmasını asanlaşdırmaq və tıxacların qarşısını almaq üçün xəttə əlavə nəqliyyat vasitələri daxil ediləcək.
Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova BAKU.WS-ə deyib ki, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayında artım olunacaq: "Avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdlərin təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır. Bu səbəbdən də daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib. Əsasən 595, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox olduğundan, həmin istiqamətlərdə də avtobusların artırılmasına dair tələb qoyulub".
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, sentyabrın 16-da (Sentyabrın 15-i bazar gününə düşdüyü üçün dərslər bir gün sonra start götürəcək) Bakı metropolitenində də yeniliklər olacaq. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq.
“Yeni tədris ili üçün bizdə xüsusi olaraq iş qrafiki mövcuddur. Bu, payız-qış qrafikinə keçiddən ibarətdir. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”,- deyə Bəxtiyar Məmmədov əlavə edib.
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 13-09-2019, 14:28