mobil versiya

Ermənistandakı azərbaycanlı əsirləri gətirənlər mükafatlandırılacaqlar - 10.000 dollar - FOTO



Ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlılar haqqında dəqiq və ətraflı məlumat verən şəxsə 1000 ABŞ dolları, əsir götürülmüş şəxsin üçüncü ölkə vasitəsi ilə Azərbaycana veriləcəyi təqdirdə 10.000 dollar pul ilə mükafatlandırılacaq.

Bu barədə "ASASMedia" məlumat yayıb. Bildirilir ki, mükafat şirkət tərəfindən veriləcək. 

Natiq Qasımov 12.03.1992-ci ildə Ağdamda gedən döyüşlər zamanı Ermənistan ordusu tərəfindən əsir götürülüb. Natiq Qasımovun erməni əsirliyində olduğunu bilirik. Onun sağ olduğu və Ermənistanda əsir olduğu barədə məlumatımız var.

Natiq Qasımov haqqında dəqiq və ətraflı məlumat verən hər kəsə, hətta inandığımız ermənilərə də elan edirik:

Natiq Qasımov haqqında ətraflı məlumat verəcək şəxslər 1000 dollar nağd pul ilə, sağ-salamat Rusiya, İran, Gürcüstan və Türkiyə üzərindən təslim edəcək şəxsə isə 10.000 dollar nağd pulla mükafatlandırılacaq.

Natiq Səlim oğlu Qasımov kimdir?

Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.

1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar.

Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Xocalı qaçqını, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfər müəllimin dedikləri:

- Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Natiqin qardaşı Nofel Qasımov, qardaşı Natiqin sağ olduğunu və Ermənistanın Kirovakan bölgəsində kimya fabrikində saxlanıldığını öyrənib.
MARAQLI / KARUSEL / GÜNDƏM
Tarix: 30-09-2019, 14:39