Özünü beşinci mərtəbədən atan qadını neçə il həbs gözləyir? - Hüquqşünas açıqladı + FOTO
“Yasamaldakı intihar hadisəsilə bağlı ilk növbədə intihar edən şəxsin qayınanası tərəfindən mütəmadi olaraq amansız rəftara məruz qalıb-qalmaması, ləyaqətinin alçaldılıb-alçaldılmaması, qayınanasından maddi və sair cəhətdən asılı olub-olmaması müəyyən olunmalıdır”.
BAKU.WS xəbər verir ki, bunu iyulun 18-də özünü və iki övladını beşinci mərtəbədən atan Aytən Abbasova və onu intihar həddinə çatdıran qayınanasını hansı hüquqi məsuliyyətin gözlədiyini Oxu.Az-a şərh edən hüquqşünas Turan Abdullazadə deyib.
O, özünü öldürmə həddinə çatdırma cinayətinin törədilməsini sübuta yetirməyin elə də asan məsələ olmadığını vurğulayıb:
“Şübhəli və təqsirləndirilən şəxsin məsuliyyətə cəlb edilməsi üçün əməldə cinayətin bütün tərkib əlamətləri olmalıdır. Ümumilikdə isə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Zərərçəkmiş şəxsin özünü öldürməyə hazırlıq görməsi və ya özünü öldürəcəyini söyləməsi hələ Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə məsuliyyət yaratmır. Əməlin CM-nin 125-ci maddəsinə tövsif edilməsi üçün təqsirkarın hərəkətləri qeyri-qanuni olmalıdır. Lakin onun bütün qeyri-qanuni hərəkətləri deyil, zərərçəkmiş şəxslə amansız rəftarı, onun ləyaqətini mütəmadi olaraq alçatması və ya ona hədə-qorxu gəlmədə ifadə olunan hərəkətləri törətməsi zəruridir. Amansız rəftar, məsələn, döymək, əzab vermək, susuz, paltarsız qoymaq, ləyaqəti alçatma dedikdə isə onu mütəmadi təhqir etmək, məsxərəyə qoymaq, söymək və sair başa düşülür.
Habelə əməlin CM-nin 125-ci maddəsinə tövsif edilməsi üçün zərərçəkmişin təqsirkardan maddi, xidməti və sair cəhətdən asılı olması zəruridir”.
Hüquqşünas onu da diqqətə çatdırıb ki, özü ilə birlikdə başqasını həyatdan məhrum etmək intihar hesab oluna bilməz:
“Ana özü intihara cəhd etsə də, sağ qalıb. Lakin özü ilə birlikdə öldürməyə cəhd etdiyi övladlarından biri dünyasını dəyişib. Yəni ana öz övladının ölümünə səbəb olaraq cinayət əməli törədib.
İntihar dedikdə özünəqəsd başa düşülür. Özü ilə birlikdə başqasını həyatdan məhrum etmək intihar hesab oluna bilməz. Lakin burada nəzərə alınmalı məqamlardan biri ananın həmin vəziyyətdəki psixoloji durumudur. Aydın məsələdir ki, “ən pis ana” belə, övladının canına qıymaz.
Cinayət Məcəlləsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs və ya məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş biri barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”.
Turan Abdullazadənin sözlərinə görə, əgər əməlin Aytən Abbasova tərəfindən anlaqsız vəziyyətdə törədildiyi sübuta yetirilərsə, ana cinayət məsuliyyətindən azad edilə bilər:
“Həmçinin ananın anlaqsız vəziyyətdə cinayəti törətməsi faktı öz təsdiqini tapmazsa, hesab edirəm ki, qeyd olunan işdə cəzanı yüngülləşdirən hallar var.
Belə ki, Cinayət Məcəlləsinə əsasən, cinayətin ağır həyat şəraiti nəticəsində, fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; şəxsin könüllü gəlib təqsirini boynuna alması, mərhumun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır”.
Oxu.Az-ın sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, 1 saylı Şəhər Klinik xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilmiş azyaşlı uşağın vəziyyəti stabildir. Eyni zamanda, reanimasiya şöbəsinə yerləşdirilmiş 1997-ci il təvəllüdlü ana Aytən Abbasovanın vəziyyəti ağırdır.
Qeyd olunub ki, baş vermiş hadisə ilə əlaqədar hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
MARAQLI / KARUSEL / HADİSƏ
Tarix: 21-07-2022, 13:45