Steynbekin "Mirvari"si
Kiçik həcmli kitabları adətən avtobusda, metro küncündə qadınların qeybətləri arasına sığınaraq oxuyuram. İndi haqqında danışacağım əsər Con Steynbekin "Mirvari" povestidi.
Ənənəvi yazılar kimi girişi Steynbekdən yazımı vikipedik məlumatla doldurmaq istəmədim. Onsuz da yazını oxumaq istəyənlər onu tanıyırlar. Tanımayanlarsa Quql axtarış sistemində geninə-boluna məlumat əldə edə bilər.
Con Steynbek yaradıcılığına "Siçanlar və adamlar" əsəri ilə başlamışdım. Ardınca eyni adlı filmi izlədim. Yazıçıya marağım artdı. Adətən, qulaqcıqda dinlədiyimiz mahnının ritminə uyğun ayağımızı tərpədər, başımızı yelləyərik. Yaxud hansısa şeir o qədər ustalıqla yazılar ki, onun n özünün poetik melodiyası olar. Mən bu əsərin də havasını hiss etmişdim. Əsərin hər cümləsinin arxasından qədim bir melodiya boylanırdı. Oxşar melodiyanı Şərif Ağayarın "Arzulardan sonrakı şəhər" romanında da duymuşdum.
Məndə vərdişdi, sizi bilmirəm. Əsəri oxuyub bitirdikdən sonra beynimdə saf-çürük edirəm. Qulağımda cingildəyən bu qədimi melodiyanın sirri, sən demə, Meksika xalq nağılından gəlirmiş. Con Steynbek bu əsərini Meksika xalqının qədim hekayətindən təsirlənərək qələmə alıb. Keçək “Mirvari” əsərinə.
Sahilə yaxın qəsəbədə yaşayan gənc ailə Kino və Cuanna yerli xalqın kasıb nümayəndəsindəndi. Bildiyimiz bu xalq Amerikan filmlərində dağlarda məskunlaşmış, at üstündə ox oynadanlardan deyil. Onların evi qamışdan düzəldilib. Kino güclü və sağlam adamdı. Cəh-cəlaldan uzaq qəsəbə sakinləri dəniz kənarında yaşayır, balıq və mirvari ovu ilə yarı ac, yarı tox dolanırlar.
Qəsəbə sakinləri dənizin dibindən çıxan noxud boyda mirvarilərə ümidlidirlər ki, mirvarini satıb evlərinə çörək gətirsinlər. Onlar alınlarındakı əyri-üyrü xətləri oxuya bilməsələr belə alın yazısına inanırlar. Kasıblıqla barışıblar. Amma Kino kasıb olmaq istəmir. Onun ümidləri var. Bir gün böyük bir mirvari tapmaq ehtirası ilə çoxlu pullar qazanacağını arzulayır. Pulları isə oğlu Koyotitonun təhsil alması üçün xərcləyəcək.
Əsərdən gələn həzin səsdə bir qorxu da var. Elə bil pis bir hadisə olacaqmış kimi hər cümlənin ardından oxucu intizar çəkir. Və birdən Kinonun oğlu Koyotitonu əqrəb sancır. Kino atılıb əqrəbi tutsa da barmaqları arasından sürüşüb uşağın çiyinlərinə düşür . O, əqrəbi torpağın üstündə o qədər əzir ki, xurd-xəşil edir. Onlar qəsəbədəki həkimin evinə getmək üçün yola çıxırlar. Bütün qəsəbə sakinləri də onlara qoşulur. Kino harda, adamlar da ordadı. Dilənçidən tutmuş qəssabına kimi, milçək ovlayan satıcı belə onların ardına düşüb gedir.
Qeyd edim ki, həkim var-dövlət yığan acgöz bir insandı. Ona görə xəstə sahiblərinin pulları azdı deyə onları içəri buraxmır. Kino həkimin qapısını yumruqla döyür. Kino evə qayıdarkən yolda qərar verir ki, dənizə gedəcək və oradan iri mirvari çıxaracaq.
Koyotitonun anası Cuanna dəniz yosunlarından məlhəm hazırlayaraq uşağın yarasını sarıyır. Dənizin dərinliklərinə dalan Kinonun böyük arzusu mirvarini səsləyir. Enerjinin gücü özünü doğruldur. O, dənizin dibindən heç kəsin indiyə kimi tapa bilmədiyi çox iri mirvarini tapır. Amma görünüşcə yöndəmsiz bir mirvaridi. Buna baxmayaraq, parıltısı göz qamaşdırır. Baxın, indi bir mirvari, daş parçası, insanların böyütdüyü cah-cəlal insan kimliyini necə dəyişdirir. Bəlkə də dəyişdirmir. İnsanın içində gizlənib qalmış ikinci şəxsiyyətini ortaya çıxarır.
Bizdə el dilində belə bir deyim var: "Allah ona görə dəvəyə qanad vermir", yaxud buna bənzər dürlü sözlər. Kino paranoyak şəkildə mirvarini qorumağa çalışır. Bu vaxtacan kasıb olsalar da, evlərində sevinc və rahatlıq vardı. Artıq o hüzur yavaş-yavaş qanad açıb köçür o evdən.
Qəsəbə əhli onun evinə yığışır, miravarini qorumağa çalışır. Kino isə ən çox qəsəbə əhlindən narahatdı.
Con Steynbekin əsərdə dəfələrlə istifadə etdiyi, qəlibləşmiş bir metaforik cümlə var: melodiya. Şeytanın melodiyası, qorxunun melodiyası, ailənin melodiyası, sevincin melodiyası kimi. Steynbek bunları əbəs yerə söyləmir. O, əsərin əvvəlində Kinonun ailəsinin xoşbəxt, saf tablosunu çəkir. Öz mənliyinə və kimliyinə qarşı yadlaşan insanın yolunda bədbəxtlik simfoniyasının səsi eşidilir.
Əsəri oxuduqca sanki qulaqlarında həm bədbin, həm də həzin melodiyanı dinləyirsən. Con Steynbekin bu mənada xalq dilindən ustalıqla istifadə etdiyi aydın sezilir. Bu onu göstərir ki, mətnin dili, səsi bir xalqın modelini göstərə bilir.
Kinonun mirvari tapması həkimin qulağına çatır. Cuanna yosundan hazırladığı məlhəmlə uşağı sağaldır. Bu, oxucunu bir növ rahatladır ki, uşaq ölmədi. Fəqət yenidən uşağı həkimin yanına aparırlar. Həkimin verdiyi müalicə və dərmanlardan sonra uşaq getdikcə zəifləyir. Kinonun kasıblıqdan qurtulmaq üçün əlində bilet kimi saxladığı, daha doğrusu, gizlətdiyi mirvari "sonradan görmə"nin (görməmişliyin) insan təbiətinə necə dağıdıcı zərbə vurduğunu aşkara çıxarır.
Qəsəbə əhli də artıq pusqu qurmağa başlayıb. Pul hərisliyi təkcə Kinonun içində baş verməyib. Kinonun evi ətrafında gizlənən bir oğru çıxır ortaya. Kino onun səsini, səssiz gecədə nəfəsini hiss edir. Onlar boğuşurlar və oğru qaçır. Cuanna dəfələrlə Kinodan mirvarini suya atmasını xahiş edir: “Ailəmizin başı üstündə qara və pislik saçan ildırımlar var. At onu dənizin dərinliyinə, əvvəlki rahatlığımıza qovuşaq”.
Kino mirvarini satmaq üçün şəhərdəki bir neçə mirvari və qızıl dükanına girir. Ancaq alıcılar mirvarinin dəyərini görüb, həm də Kinonun savadsız olduğunu bilib onun böyüklüyünə aldanmamağı, dəyərsiz bir şey olduğunu deyirlər. Kino isə içində inanır ki, mirvari çox dəyərlidi.
Bir gün Cuanna mirvarini də götürüb sahilə doğru yol alır. Dənizə atmaq istədiyi vaxt birdən Kino ona mane olur. Cuannanı döyür. Evlərinə qayıdanda pusquya durmuş oğrulardan biri ilə əlbəyaxa olur və Kino oğrunu öldürür. Onlar qəsəbədən qaçmaq qərarına gəlirlər. Sevinc saçan evlərini alova verirlər.
Qardaşı Tomas Kinoya qaçmağa kömək edir. Təbiətlə iç-içə yaşamağa alışan dinc həyatları modern dünyanın dəyərləri ilə toqquşanda insan özünü itirir, çirklənir. Yeni həyata başlamaq ümidi ilə yola çıxan Kino böyük xəyallarını da çiynində daşıyır. Arzuları onun taqətsiz çiyinlərinə ağırlıq edir əslində. Atlılar və oğrular onları izləyir. İzi itirmək üçün Kino hər şeyi ustalıqla həll edir. Onlar mağarada gizlənirlər. Gecənin bir aləmi oğrular mağaranın ətəyində ocaq qalayıb gözləyirlər. Atlılar yuxuya gedəndə Kino bıçağı ilə oğrunu öldürür. Səssizcə görür işini, cınqırı da çıxmır. Fəqət kor tale fələyin qamçısını öz bildiyi kimi fırladır. Mağaradan Koyotitonun ağlamaq səsi gəlir. Əli tüfəngli oğru mağaradan gələn səsi canavar zənn edib tüfəngi ora tuşlayır.
Absurddu əslində, güllə hədəfə necə tuş gələ bilər axı? Bəlkə də əqrəbin sancdığı yer uşağı yavaş-yavaş öldürür. Əsərin sonluğunu iki qatlı verir yazıçı. Kino atlıları və bütün oğruları qətlə yetirir. Qorxunun törətdiyi nifrət, nifrətin törətdiyi qəzəb və qisas, güc əslində Kinonu gücsüzləşdirir. Kino və Cuanna balasının cəsədi ilə öz qəsəbələrinə geri dönürlər.
Con Steynbek fürsətçi həkim, acgöz tüccar xarakterləri üzərində Amerika cəmiyyətini sorğuya çəkir. Cəmiyyəti də sorğuya çəkir, hakimiyyəti də.
Digər mesaj isə odur ki, insan gündəlik həyatında nə qədər çətinliyə düşsə də xəyallara qapılıb bir möcüzə gözləməsi əbəsdi. İnsan öz taleyini dəyişmək iqtidarındadı.
Əsəri oxuduqca elə bilirdim bizim cəmiyyətdən bəhs edir. Bizdə azdırmı bər-bəzək həvəskarı? Aksessuar olaraq işə yaramayan bər-bəzək qəribədir ki, özündə yüksək dəyər daşıyır. Qadınlar qızıl yığır, haçansa dara düşəndə satmaq üçün. Kimisi nümayiş etdirmək məqsədilə öz üstündə daşıyır, kimisi gizli sandığında. Bütün cəmiyyətlərin problemidi bu.
İnsanların cansız cisimlərə verdiyi dəyərlə həyata, həyatın anlamına verdiyi dəyər paradoksdu və kəsişmir. Kino varlanmaq xülyasına düşərək tarazlığı pozur. Həyatı, yaşamağı buraxıb cismə fokuslanmaq uğursuzluq mexanizmini işə salır.
Həyatımızı mirvarilərin sayı ilə yox, mirvarilərin parıltısı kimi yaşamağı diləyirəm.
MARAQLI / KARUSEL / YAZARLAR
Tarix: 20-11-2019, 10:40