Şeyxin qudası “at oynadır” - VİDEO
Vətəndaş Seymur Quliyev eks-deputat Qalib Salahzadədən şikayətçidir.
Şikayəti isə Bilgəhdə dəniz sahilindəki ona məxsus torpaq sahəsinin eks-deputat tərəfindən zəbt olunmasıdır. Deyir ki, tikdirdiyi 2 ev tamamilə darmadağın edilib və yeri avtodayanacaq kimi istifadə olunur.
Seymur Quliyev bildirir ki, alqı-satqı yolu ilə 2004-cü ildə əldə etdiyi öz ərazisində bir neçə il ərzində 2 və 3 mərtəbəli iki villa, həyətlərində də hovuz tikdirib.
Lakin günlərin bir günü ortaya əlində torpağa aid sənədi olan, evləri isə özünün tikdirdiyini iddia edən şərik çıxır. Lakin bu, hələ harasıdır? Bir müddət sonra torpağa əlində çıxarışı olan daha bir şərik çıxır.
Mətbuatda da dəfələrlə işıqlandırılan bu məsələ ilə bağlı artıq 14 məhkəmə prosesi keçirilib.
Seymur Quliyev məsələ ilə bağlı dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də qəbuluna düşməyə çalışıb. Hətta Konstitusiya Məhkəməsinin Seymur Quliyevin xeyrinə qərarı olsa da, zərərçəkmiş öz halal-hümmət əmlakına nə gedə, nə də yiyə dura bilir.
Seymur Quliyevin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi də başlanıb. Hətta eks-deputat Qalib Salahzadə şikayət əsasında dindirilib.
“Bəzi maddələr üzrə isə istintaqın davam etdirilməsinə razılıq almaq üçün idarə prokurorluq qarşısında vəsatət də qaldırıb. Lakin ötən il mayın 14-dən cinayət işinin icraatından bir xəbər yoxdur”, - deyə şikayətçi bildirib.
BAKU.TV məsələ ilə bağlı aidiyyəti qurumlardan qəti mövqe öyrənməyə çalışsa da, cavab verilməyib.
Qeyd edək ki, Qalib Salahzadə QMİ sədri Allahşükür Paşazadənin qudasıdır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 25-09-2021, 15:15