“Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım...” - MƏHKƏMƏ
Azərbaycanda baş verən və cəmiyyəti silkələyən, dəhşətli cinayət hadisəsinin – 75 yaşlı qayınatanın gəlinini öldürməsinin təfərrüatı məlum olub.
REPORTYOR.AZ "oxu.az"a istinadən cinayətin motivini təqdim edir.
Hadisəyə keçməmişdən öncə amansız cinayətin qurbanı olan Banı Məhərrəmova barədə yazmaq istərdik.
Öncəliklə deyək ki, hadisə barədə mətbuatda məlumatlar getdiyindən bu yazımızda şərti adlar deyil, təqsirləndirilən və zərərçəkənin gerçək adlarını qeyd edəcəyik.
Banı Məhərrəmova 2015-ci ildə Fariz Məhərrəmovla ailə həyatı qurub, onların bu nikahdan oğlan övladı dünyaya gəlib.
İdris Məhərrəmov – cinayəti həyata keçirən şəxs
İdris Məhərrəmov ifadəsində qeyd edib ki, oğlu Farizlə Banının övladı dünyaya gəldikdən bir müddət sonra onlar arasında tez-tez ailə-məişət zəminində mübahisələr baş verib.
O, bu barədə Banının anasına da xəbərdarlıq edib, ancaq bu da ər-arvad arasındakı münasibətlərin normallaşmasına gətirməyib.
İş o yerə çatır ki, 2017-ci ildə Farizlə Banı arasında baş verən münaqişə sonuncunun ayrılıb ata evinə getməsi və burada 4-5 ay yaşaması ilə nəticələnib.
Emosiyalar soyuduqdan sonra isə Banı və onun ailəsi hadisədən peşmanlıq bildirərək Farizlə yaşamasını təmin ediblər.
Banı əri ilə yaşamağa başlayır, lakin onların münasibətlərindəki qarşılıqlı aqressiya getdikcə daha da sərt şəkil alır.
İdris Məhərrəmov ifadəsində qeyd edir ki, Banı gəldikdən təxminən beş ay sonra yenidən əri ilə mübahisələrə yol verib. Farizlə Banının ikinci övladları dünyaya gəldikdən sonra isə Banı daha da aqressivləşib və digər ailə üzvlərini təhqir etməyə başlayıb.
Mübahisələrin intensivləşməsi və qarşılıqlı xarakter almasından sonra Banı Bakıda yaşayan xalasıgilə gedir və orada yaşamağa başlayır.
Fariz Kanadaya gedir
Banının anasının ifadəsi isə fərqlidir. O bildirib ki, Fariz təxminən bir il öncə Kanadaya köçdükdən sonra onun ailəsi qızını incidib. Farizin xaricdə olduğu müddətdə ailədaxili münaqişələr dözülməz həddə çatıb, hətta Banı baldızından polisə şikayət edib. Banının şikayətinin motivi bu idi ki, guya baldızı onun pulunu oğurlayıb, amma istintaq zamanı Banının iddiası öz təsdiqini tapmayıb.
Bundan sonra baldızı da evi tərk edir. Banı qayınatası, qayınanası və iki azyaşlı övladı birgə qalır, günü yenə də dava-dalaşla keçir. Az keçdikdən sonra isə Banı qayınanasını da evdən qovur...
Cinayətə şövq edən düşüncələr
Biz müəyyən səbəblərdən dolayı İdris Məhərrəmovla gəlini arasında dərinləşən mübahisəyə rəvac verən bəzi məqamları bu yazıda qeyd etmirik.
Məsələni bir cümlə ilə ifadə etsək, qeyd edə bilərik ki, qayınata gəlininin oğluna xəyanətindən şübhələnib.
İdris Məhərrəmov ifadəsində bu məqamları göstərib, gəlininə evdən çölə çıxmaması üçün qadağa qoyduğunu bildirib.
Banı övladlarının ona verilməyəcəyindən qorxduğu üçün qayınatasının qadağasını icra etmək məcburiyyətində qalıb.
Lakin bu qadağanın müddəti çox da çəkməyib, Banı öz həyatının olduğunu və buna heç kimin qarışmamasını tələb kimi səsləndirib.
Bu zaman qayınata oğlunu göz önünə gətirərək onun adına ləkə gəldiyini düşünüb.
O, bütün söz-söhbətlərə son qoymaq üçün Banını öldürmək qərarına gəlib.
Cinayət anı
2021-ci ilin yanvarın 26-da qayınata gəlinini öldürmək fikrini qətiləşdirir, ancaq Banının ona müqavimət göstərmək potensialını da gözardı etmir. O düşünür ki, Banı fiziki cəhətdən ondan qüvvətli olduğu üçün öncə bərk alət tapıb ilk zərbəni gəlininin baş nahiyəsinə vursun.
İdris Məhərrəmov ilk cinayət aləti kimi çəkici seçir. O, nəvələrinin öz otaqlarında telefonla oynamasından istifadə edərək əlində çəkiclə Banının otağına girir.
Gəlininə “Banı, nə edirsən?” deyir. Banı ona tərəf dönmədən “paltarları yığışdırıram” cavabını verir. Qayınata heç bir söz demədən əlində tutduğu çəkiclə Banıya arxadan yaxınlaşıb başının arxa hissəsindən çəkiclə iki dəfə möhkəm zərbə vurur.
Banı zərbələrin təsirindən yerə yıxılıb “ata, neyləmişəm ki, məni vurdun?” deyir. Qayınatası cavabında Banıya “Ailəmizi dağıtmısan, məni biabır etmisən! Ona görə də vurdum” deyə cavab verir.
İdris Məhərrəmov çəkici yerə atıb Banının qollarından yapışaraq onu sürüyür və qapıdan kənara çıxarır.
Banı danışsa da, tərpənə bilmir, İdris Məhərrəmov isə cinayət niyyətini tam şəkildə başa çatdırmaq üçün gəlinini həyətə çıxarır.
Mətbəxə keçərək bıçaq götürür və halsız şəkildə yerdə uzanan gəlininin qarnına dayanmadan bir neçə bıçaq zərbəsi vurur.
Uşaqların qorxacağını düşündükdən sonra o, arvadına və qızına zəng edərək nəvələrini gəlib aparmaq tapşırığını verir, təyin etdiyi yerdə nəvələrini onlara təhvil verir, ancaq hadisə barədə onlara bir kəlmə də demir.
Evə qayıtdıqdan sonra özünü itirir. Gəlininin öldüyünə əmin olduqdan sonra törətmiş olduğu əməlin ictimai təhlükəliliyini daha da artıraraq Banının meyitini bıçaq və balta ilə hissələrə ayırıb torbalara yığır.
İstintaq materiallarında meyitin necə doğranması detallı şəkildə qeyd olunub. Həmin detalları təfərrüatlı şəkildə yazmağı ehtiyac görmürük.
Təkcə onu bildirək ki, İdris Məhərrəmov meyitin baş hissəsinə baxıb əsəbiləşdiyi üçün hər iki qulaqlarını, burnunu kəsib üzünün dərisini soyub, sonra hər iki gözlərini bıçaqla çıxarıb: “Meyitin sifətinə baxıb əsəbiləşdim, buna görə qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım...”
Başını ayrıca sellofana qoyub, qulaqlarını, burnunu, gözlərini və üzünün dərisini başının yanına qoyub. Bundan sonra su ilə yerin qanını yuyub.
O, torbaları özünə məxsus avtomobilin yük yerinə qoyduqdan sonra meyitin parçalanmış hissələrini yol kənarında quraşdırılmış məişət tullantıları konteynerlərinə atır.
İdris Məhərrəmov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 25-10-2021, 23:00