mobil versiya

“Arzusu var idi, toyunda “Niva” maşın karvanı təşkil edəcəkdi...” - Video




Bu gün Vətən müharibəsi şəhidi Səbuhi Sadıqovun şəhadətə yüksəlməsindən bir il ötür.

“Qafqazinfo” 37 gün torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına vuruşan Səbuhi Sadıqovun ailəsinin şəhidimizlə bağlı xatirələrini yenidən təqdim edir.

Böyükşor qəsəbəsinin dar və dolanbac küçələrində şəhid Səbuhi Sadıqovun evini hündür dirəkdən asılmış bayraq nişan verir. Məhəllədə isə şəhidin gülərüz portreti olan lövhə hər yerdə var - avtomobillərin üstündə, divarda... Bütün qapılardan bayraq asılıb, asfalta yüksək rütbəli erməni hərbçilərinin “poqonları” mismarlanıb. Hansı qapını döyməyi qərarlaşdırana qədər kiçik boz qapı açılır, Sadıqovlar ailəsinin Səbuhidən sonra yeganə təsəllisi Aliyə bizi içəri dəvət edir.

Burada bütün evlər Səbuhinin evidir, buradakı hər kəs Səbuhinin atası, anası, ailəsidir. Şəhidin valideynləri ilə ilk tanışlıqdan bunu anlamaq olur. Ona görə də şəhid verən məhəllədəki ab-hava heç də təəccüblü deyil. O, həqiqətən də bir evdən getməyib.

Ailəsi deyir ki, Səbuhi müharibəyə getməyə çox can atıb. Çağırış gələndə də çox sevinib. Hətta o qədər sevinib ki, boğazından bir qurtum su, bir tikə çörək keçməyib. Tez çantasını hazırlayıb yola düşüb. Şəhidin atası Rövşən Sadıqovun sözlərinə görə, oğlunun döyüş yolu Füzulidən - ata-baba yurdundan başlayıb. Xüsusi Təyinatlı Qüvvələrə qoşularaq Qubadlı, Zəngilan, Hadrut uğrunda döyüşlərdə də iştirak edib. Sonuncu dəfə Qubadlı azad olunan ərəfədə - oktyabrın 23-də onunla danışa biliblər:


“Bizə dedi ki, yuxarı qalxırıq, telefon işləməyə bilər. Ondan sonra əlaqə saxlaya bilmədik. Noyabrın 4-ü şəhid xəbəri gəldi, Laçın meşələrində 4-5 silahdaşı ilə birlikdə mühasirəyə düşüb, minamyot mərmisi ilə vurulublar... Mən oğlumla qürur duyuram. Çox vətənpərvər övlad idi. Zəng edəndə deyirdi ki, 90-cı illərdəki şəhidlərimizin, Xocalının qisasını almışıq. Allah oğlumla bərabər bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində üzərimizdən bu qara ləkə götürüldü. Bəlkə də, başqa vəziyyətdə oğul itirsəydim, çox pis olardım. Vətən, torpaq uğrunda oğul itirmək çox qürurverici hissdir”.

Valideynlərindən öyrənirik ki, Səbuhi qaydasız döyüşlə məşğul olurdu, qara kəmər sahibi idi. Hətta özünün tələbələri var idi, məşqçilik edirdi. Ata-anası onun bu sənətlə məşğul olmasından narazı olduqlarına görə, indiyə kimi hansı yarışlarda iştirak etdiyindən də xəbərsiz idilər. 



Anası Yeganə Əliyeva deyir ki, oğlu bütün Milli Qəhrəmanların tarixçəsini bilirdi. Qarabağa, Xocalıya aid bütün filmlərə dəfələrlə baxmışdı. O, sanki özünü bu günə - döyüşə hazırlayırdı:  

“Nişanlı idi, toyu olmalı idi, restoranın behini özü aparıb vermişdi. Heç onda bu qədər sevinməmişdi, cəbhəyə getməyinə görə çox sevinirdi. Çıxanda mənə “nişanlıma deyərsən ki, ona haqqımı halal edirəm, getsin, xoşbəxt olsun” dedi. Döyüşdə olanda zəng vururdu, deyirdi elə sevinirəm ki, alınan torpaqlarda mənim də əlimin duzu var”.



Ailə Səbuhinin yoxluğu ilə çətin də olsa barışıb. Amma hələ də onun heç bir yadigar - bir foto, video, bir məktub qoymadan çıxıb getməsilə razılaşa bilmirlər. Anası hələ də ümid edir ki, döyüş yoldaşlarından kimsə tapılacaq, oğlunun fotolarını onlara verəcək, xatirələrini, son sözlərini deyəcək.  

Şəhidin nənəsi Nəcibə Əliyeva isə sevimli nəvəsilə bağlı çətinliklə danışır, onu qəhər boğur: “Dayısı oğluna zəng edib, anasını, bacısını onlara tapşırıb. Deyib “gəlməyəcəyəm, mən özümə söz vermişəm, torpaqlar alınmalıdı”. Bir ona üzülürəm ki, arzuları yarımçıq qaldı. Mənə deyirdi, toy edəndən sonra səni də, gəlini də götürəcəyəm, gedib kənddə yaşayacağıq. Bir də arzusu vardı, toyunda “Niva” maşın karvanı təşkil edəcəkdi... Atasının maşınını satıb yay ərzində Lələtəpəyə, digər döyüş bölgələrinə gedib hərbçilərə, su, ərzaq aparırdı. Arzusu var idi atasına yeni maşın alıb, versin”. 



Doğmalarından bir də onu öyrənirik ki, şəhid olmaq 24 yaşlı Səbuhinin uşaqlıq arzusu imiş. Hələ ibtidai sinifdə oxuyarkən müəllim sinfə gələcəkdə nə olmaları ilə bağlı sual verəndə Səbuhi “mən şəhid olmaq istəyirəm” deyib. Bu arzusu yerinə yetdi. Bir arzusunu da valideynləri yerinə yetirdi – onu həmişə sevdiyi, yaşamaq istədiyi ata-baba torpağı olan Füzulidə - Əhmədbəyli kənd qəbiristanlığında dəfn elədilər. 









SON XƏBƏR / KARUSEL
Tarix: 5-11-2021, 10:46