Azərbaycan Ordusunun ehtiyatda olan generalı vəfat etdi - FOTO
Uzun illər Azərbaycan Silahlı Qüvvələri sıralarında müxtəlif vəzifələrdə xidmət keçmiş ehtiyatda olan general-mayor Aleksandr Petroviç Vasyak uzun sürən xəstəlikdən sonra vəfat edib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Ordusunun polkovniki, hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. Onun sözlərinə görə, general A.Vasyak Qarabağ savaşının ilk illərində ön cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mənfur erməni-rus birləşmələrinə qarşı döyüşlərində yuxarı komandanlığın nümayəndəsi kimi döyüş əməliyyatlarının idarə olunmasında çox aktiv iştirak edib.
"Onun 1994-cü ildə digər mərhum generalımız Arif Salahovla eyni gündə general hərbi rütbəsinə layiq görüldükləri günü də çox yaxşı xatırlayıram. Müdafiə Nazirliyi ilə telefonla danışdığım zaman rabitəçi xanım məndən mərhum Ali Baş Komandan Heydər Əliyevin Arif Salahovla və Aleksandr Vasyakla danışacağını deyəndən sonra hər iki polkovnik Füzulinin Kərimbəyli kəndində general rütbəsi ilə təltif olunduqları haqda rəsmən məlumatlandırıldılar. Və hər iki dəyərli generalın ilk təbrik edən zabiti də mən oldum.
Onu da qeyd edim ki, bundan əvvəl isə 1992-ci ildə Vasyak Ağdərə istiqamətində ermənilərə qarşı çox uğurlu əməliyyatlarda şəxsən iştirak etmişdi. Daha sonra general A.Vasyak Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi, Hərbi Elmi Mərkəzində məsul vəzifədə çalışırdı. Ordudan tərxis olunduqdan sonra Vasyak Ukraynada yaşayırdı. İndiki müdafiə naziri general-polkovnik Zakir Həsənov onu Bakıya çağıraraq Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifəsinə təyin etmişdi.
Bir müdddət bundan öncə isə Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə ailə üzvlərinin yanına getmişdi. Bu gün isə o, ağır xəstəlikdən dünyasını dəyişib. General A.Vasyakın həyat yoldaşı da onun vəfatı xəbərini təsdiqləyib.
Əldə etdiyimiz məlumata görə, sabah general A.Vasyakın nəşi Bakıya gətiriləcək və o, Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.
Biz də onunla həm tabeçilik münasibətində, həm də xidmət yoldaşı olaraq bərabər xidmət etdiyimizə görə, mərhuma Allahdan rəhmət, ailəsinə isə səbr və dözüm arzulayırıq. General Aleksandr Vasyakın Azərbaycan dövləti və xalqı qarşısında kifayət qədər xidmətləri və zəhməti olub", - deyə Ü.Cəfərov vurğulayıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-11-2021, 12:00