Bakıda yeni narkotik ticarəti: Salfet satan uşaqlardan istifadə edirlər - FOTO
Son günlər sosial şəbəkələrdə küçələrdə salfet ticarəti ilə məşğul olan uşaqların narkotik satdığına dair paylaşımlar edilir.
İddia edilir ki, küçədə əldən-ələ satılan salfetlərin içərisində kiçik paketlərdə narkotik vasitələr qoyulur. Paylaşım edən şəxslər insanlıq naminə uşaqlardan salfet aldıqları üçün narkotik maddə alıcısı (və ya istifadəçisi) kimi şübhəli şəxs qismində polis tərəfindən yolxanılırlar.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, sözügedən məsələ ilə bağlı çoxsaylı paylaşımlardan birində belə qeyd edilib:
“Heç kim deməsin ki, mərhəmətli olmaq, yaxşılıq etmək, səbirli olmaq lazımdır. Bunu unudun. Artıq bəsdir. Cəmiyyətdə yeni pul qazanmaq metodu yaranıb.
Bunu yazarkən əsəbdən əlim əsir. Hamı öz yaxınlarına, dostlarına bu barədə məlumat versin. Heç kim küçədə qaraçılardan, uşaqlardan salfet almasın.
Mən aldım, heç maşına qoymağa fürsət tapmamışdım ki, Çevik Polis Alayının əməkdaşları üstümə gəldi. Səbəb isə guya mən narkotik vasitə alış-verişi (və ya istifadəsi) ilə məşğulam.
Bunu eşidəndə inana bilmədim. Yanımda salfeti açdılar və içərisindən sintetik narkotik çıxdı. Yəni bir salfetə görə 1500 AZN cərimə yazdılar. Sadəcə təşəkkürlər.
Onu da qeyd edim ki, hadisə Tbilisi prospektindən 3-cü mikrorayon dairəsinə dönən yoldakı işıqforun yanında baş verib”.
Küçədə uşaqların satdığı salfetin içərisində narkotik vasitələrin olduğuna dair iddialarla bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:
“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.
SON XƏBƏR / KARUSEL
Tarix: 9-02-2022, 10:30