Şagirdləri intihara sürükləyən səbəblər... - Valideynlər nəyi bilməlidir?
Son vaxtlar şagirdlər arasında intihar halları xeyli artıb. “11-ci sinif şagirdi qız özünü asdı”, “Şagird imtahana görə intihar etdi” və s. başlıqlı xəbərlərlə demək olar ki, hər gün qarşılaşırıq.
Buraxılış və qəbul imtahanlarının keçirildiyi dövrdə isə yeniyetmələr arasında özünü öldürmə və özünü öldürməyə cəhd halları daha sıx müşahidə olunur. Gərgin hazırlıq müddəti, yuxusuz gecələr, uzunmüddətli əziyyət, zəhmət çəkməsinə baxmayaraq imtahanlarda istədiyi nəticəni göstərə bilməyən, ali məktəbə qəbul olmaq arzusu gözündə qalan gənc, üzləşdiyi uğursuzluqla barışmayıb canına qıyır.
Ürəkaçan olmayan imtahan nəticələrindən sarsıntı keçirib özünə qapanan, ağır depressiyada olan gənclərə ətraf insanların, valideynlərin basqısı - “Əziyyət çəkdim, bu qədər pul tökdüm sən isə nəticə göstərə bilmədin”, “Hamının uşağı ali məktəbə qəbul oldu, sən isə imtahandan kəsildin” kimi sözləri gəncləri daha çətin duruma salır və nəticədə onlar vəziyyətdən yeganə çıxış yolu kimi intiharı seçir.
Mayın 3-də Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atan 17 yaşlı Xumar Babayeva da imtahanda zəif nəticə göstərdiyi üçün intihar etdiyi deyilir.
Mövzu ilə bağlı Bakupost.az -a danışan psixoloq Vəfa Əkbər deyir ki, gəncləri intihara sövq edən amillərdən biri cəmiyyətin və ailənin təzyiqidir.
Onun sözlərinə görə, yeniyetməlik uşağın ən həssas dövrü hesab olunur. Bu dövr çox həssas bir dönəm olduğu üçün valideyn tərəfindən yol verilən hər hansı bir yanlışlıq gələcəkdə çox böyük fəsadlarla nəticələnə bilər:
“Yeniyetməlik dövründə gənclərin özünün də daxili problemləri və gərginliyi olur. Həmin gənc də imtahanlarda yetəri qədər bal toplaya bilməyəndə və ya istədiyi nəticəni göstərməyəndə, bu kimi hallar psixoloji problemlərə təkan verir. Özünə qapanma, depressiya halları müşahidə olunmağa başlayır. Hər zaman qeyd edirik ki, valideynlər buraxılış və qəbul imtahanlarında uğursuz nəticə göstərən övladlarına qarşı çox həssas davranmalıdır. Çalışmaq lazımdır ki, bu çətin dönəmdə onlara dəstək olsunlar. “Bu il qəbul olmadısa gələn il qəbul olmaq şansı var”, “Bu il alınmadı gələn il mütləq alınacaq” desinlər. Təəssüf ki, bəzi valideynlər övladlarına dəstək olmaq əvəzinə onları sıxır, imtahanda uğur qazanmadıqları üçün qınayır, danlayır, basqı göstərirlər. Nəticədə isə gənclərdə dərin depressiya halları baş verir. Depressiya müxtəlif vəziyyətlərə və stres yaradan amillərə qarşı verilən reaksiyadır. Özünə inamı aşağı olan, çətin vəziyyətlərdə özünü idarəetmə gücünün olmadığını fikirləşən yeniyetmələrin stress yaradan hadisə və vəziyyətlərlə qarşı-qarşıya qaldıqda depressiyaya düşmək riski yüksəkdir. Depressiyada olan gənclərdə əsasən, təkliyə qapanma, arzularına çata bilməyəcəyini düşünmə, özünəinamın aşağı olması, günahkarlıq hissi, intihar fikirləri, buna meyillilik kimi əlamətlər müşahidə olunur. Uğursuzluq və ailədaxili təzyiq onların intiharına təkan verir. Bu səbəbdən də valideynlər övladları ilə son dərəcə ehtiyatlı davranmalıdırlar. Əks təqdirdə övladlarını itirə bilərlər”.
Psixoloq bildirib ki, valideynlər universitetə qəbul ola bilməyən övladları ilə normal şəkildə doğru istiqamətdə söhbət aparmalıdırlar. Əgər valideynin övladı ilə apardığı söhbətlər bir nəticə vermirsə, mütləq şəkildə mütəxəssisə müraciət etməlidir. Bu məqamda psixoloqdan dəstək almaq lazımdır. Özgüvən hissini qaytarmaq, güc toplayaraq ali məktəbə yenidən hazırlaşmaq üçün gənclərə mütləq şəkildə psixoloji dəstək verilməlidir. Yalnız bu dəstəkdən sonra onlar növbəti il üçün qəbul imtahanlarına rahat şəkildə hazırlaşa bilərlər:
“İmtahanlar zamanı aşağı nəticə göstərin ali məktəbə qəbul olmayan gənclərə ciddi yanaşmaq lazımdır. “Əgər bu il universitetə qəbul ola bilməmisənsə”, “Bəlkə də belə məsləhətidir, qəbul imtahanlarını keçməmək dünyanın sonu deyil”, “Növbəti il üçün daha yaxşı hazırlaşıb yüksək nəticə toplamaq mümkündür” səpkili söhbətlər aparılmalıdır. Təbii ki, valideynlərin də bu məqamda övladlarına dəstək göstərməsi və kömək etməsi çox vacibdir. Psixoloqla söhbət və valideynlərin dəstəyi sayəsində özünə inamı itirib depressiyaya düşən və intihar haqda düşünən gənci yenidən əvvəlki vəziyyətinə qaytarmaq olar. Valideynlər bilməlidirlər ki, bu məqamda övladları onlara daha çox ehtiyac duyur. Uğursuzluqla qarşılaşdığı üçün özünü sanki quyunun dibində hiss edən, günahkar sayan, çarəsiz gənclərə valideynlər dəstək olmalı, diqqət və qayğı göstərməli və onlara növbəti imtahanlara hazırlaşmağa özlərində mənəvi güc tapmaları üçün əllərindən gələni əsirgəməməlidirlər. Valideynlər unutmamalıdırlar ki, onların bir sözü övladlarını həm ayağa qaldıra, həm də uçuruma yuvarlaya bilər”.
Təhsil eksperti Elşən Qafarovun fikrincə, valideyn anlamalıdır ki, heç nə onun övladının canından əziz deyil. İmtahanın nəticəsi necə olursa olsun, heç bir halda faciə deyil:
“Valideynlər çalışmalıdırlar ki, övladları məyus olmasın, ruhdan düşməsin. Onlara ürək-dirək verməli, ali məktəbə qəbul olmasa belə, qorxulu heç nə baş verməyəcəyi, növbəti ildə özünü təkrar sınamaq şansının olduğu deyilməlidir”.
Elşən Qafarov deyir ki, valideynlər övladlarını ali məktəbə qəbul olsun, tələbə adı qazansın arzusu, ümidi ilə hazırlıqlara, repetitor yanına aparır, xeyli xərc çəkir, vaxt itirirlər. Uşaq isə qəbul imtahanında gözlənilən nəticəni göstərə bilməyəndə, bal toplamayanda valideyn istər-istəməz məyus olur. İctimai qınaq isə bir tərəfdən. Ancaq bütün bunlara rəğmən valideynlər anlamalıdırlar ki, heç nə onların övladının canından artıq deyil:
“İmtahan nəticəsi nə olursa olsun, abituriyent imtahandan ən aşağı bal belə toplasa da, valideyn təmkinini qorumalı, heç nə övladın sağlığından, canından üstün deyil deməlidir. Valideyn övladına dəstək, dayaq olmalıdır ki, o da özünü toplayıb növbəti il üçün imtahanlara hazırlaşa bilsin. Çünki, valideynindən dəstək yox, basqı görən uşaq özünü lazımsız, ata-anasını məyus edən, üzünü güldürməyi bacarmayan, bacarıqsız insan hesab edib canına qıyır”.
Təhsil eksperti Elçin Əfəndi vurğulayır ki, hər bir məktəbdə psixoloqun olması vacibdir. Hətta şagirdlərə bir yox bir neçə psixoloq psixoloji dəstək göstərməlidir. Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemlər həllini tapmadığından intihar halları artır:
“Psixoloqlar şagirdlərlə iş apararsa, onların psixoloji durumu ilə bağlı müxtəlif layihələr üzərində işləsələr, şagirdlər intihar həddinə gəlib çatmazlar. Yaxud da bu halların qarşısı alınar. Məktəblərdə psixoloqların sayı artırılmalıdır və onlar mütəmadi olaraq, əsasən də yuxarı sinif şagirdləri ilə söhbətlər aparmalıdırlar.
11-cilərlə daha güclü psixoloqlar işləməlidir. Həm yetkinlik dövrünün müəyyən mərhələsi olduğu üçün, həm də qəbul imtahanları onlarda gərginlik yaradır deyə, bu uşaqlarla ünsiyyət çox önəmlidir. Məktəblərdə ağır dərs rejimi, imtahan stressi, dərsdən kənar müxtəlif ailə problemləri uşaqların psixologiyasına ciddi təsir edir. Peşəkar mütəxəssislər onlara bu problemlərin həllində düzgün istiqamət verə bilərlər”.
Təhsil naziri Emin Əmrullayev isə hesab edir ki, ailə və məktəb bir-biri ilə əməkdaşlıq etməlidir ki, uşaqların psixoloji rifahı normal getsin:
“Məktəb şagirdlərin həyatının bəlli bir hissəsidir, hamısı deyil. Məktəb psixoloqlarından, bir nəfər şəxsdən bütün problemlərin həllini gözləyə bilmərik. Məktəb psixoloqunun öz əmək istiqamətləri var. Məktəb psixoloqu hər bir şagirdə fərdi xidmət göstərə biləcək deyə bir şey yoxdur. Əgər şagirdlərin davranışında hansısa problem varsa, məktəb müəllimləri və psixoloqları bunu görürsə, ailə ilə, icma ilə təmasda olmalıdır".
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, son bir həftə ərzində iki məktəbli qız hündür mərtəbəli binadan özlərini yerə ataraq intihar edib. Səbəblər sırasında imtahanda zəif nəticə və valideyn təzyiqi göstərilir. Səbəb nə olur olsun, uşaqların gözlərimiz qarşısında özlərinə qıyması çox üzücüdür:
“Burada həm məktəblərin, həm də valideynlərin üzərinə ciddi vəzifələr düşür. Dinimizdə intihar ən böyük günah əməllərdən sayılır. Məktəblərdə, ailələrdə, mediada bu mövzuda geniş maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac var. Burada məktəb psixoloqlarının da üzərinə ciddi vəzifələr düşür.
Həmçinin valideynlər də övladları ilə münasibət və rəftarda çox diqqətli olmalıdırlar. Onlarla daha çox vaxt keçirməli, problemlərinə həssas yanaşmalı, təzyiqdən uzaq olmalıdırlar. Əks halda bu hadisələrin davamlı baş verməsinin şahidi olacağıq. Dəyərli gənclər, siz də bilməlisiniz ki, intihar heç bir çətinlikdən çıxış yolu deyil. Bunu etməklə böyük günah qazanmaqla yanaşı, sizi sevənlərə də böyük iztirab və kədər yaşadırsınız. Problem varsa, müzakirə etmək, çıxış yolu axtarmaq lazımdır”.
SON XƏBƏR / KARUSEL
Tarix: 10-05-2022, 12:00