mobil versiya

Media işçisinə qarşı dələduzluq edilib - Vilayət Eyvazova müraciət edildi - VİDEO




Qaynarinfo-nun əməkdaşı, reportyor Xaqani Hüseynov dələduzluqla üzləşib. 

Xaqani Hüseynovun sözlərinə görə, bu il aprelin 13-də avtomobilini Mirheydər Seyidli adlı şəxsə satıb: “Avtomobilin qeydiyyat məsələsini həll etdikdən sonra bu şəxs aradan çıxıb. Bir neçə gün özü ilə danışdım, maşının pulunu verməsini tələb etdim. Hər dəfə “sabah verəcəm” deyib məni aldatdı. Bundan sonra aidiyyatı üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. İfadəmi aldılar, əlimdəki sübutları, Mirheydər Seyidlinin mobil nömrəsini təqdim etdim. Hadisənin üzərindən iki ay keçməsinə baxmayaraq bu cinayətin üstü açılmır. Cinayətkar isə şəhərdə sərbəst gəzib-dolaşır. Məcbur qalıb baş verənləri sosial şəbəkələr vasitəsilə işıqlandırdım”. 



Reportyor əlavə edib ki, məsələni sosial şəbəkələrdə işıqlandırdıqdan sonra Binəqədi Rayon Prokurorluğuna dəvət olunub: “Sağ olsunlar, məni dəvət etdilər, dinlədilər və problemin həll olunacağını dedilər. Bir gün sonra isə Binəqədi Rayon Polis İdarəsində faktla bağlı cinayət işi başlandı. Lakin müşahidələrim göstərir ki, istintaq hərəkəti ləng gedir. Cinayət işi mayın 14-də başlanıb. Artıq 1 aya yaxındır, ölkədə olan, qurbanları ilə danışan Mirheydər Seyidlini tapmaq mümkün olmur. Təsəvvür edin ki, adam sosial şəbəkələrin aktiv istifadəçisidir. Hər gün “WhatsApp”a, “Instagram”a fotolar qoyur. Amma nə sirrdirsə, onun cəzalandırılması ləngiyir. Yeri gəlmişkən, bu işi araşdırılarkən məlum oldu ki, Mirheydər Seyidlinin qurbanı təkcə mən deyiləm. Başqa bir neçə nəfərə qarşı da dələduzluq əməli edib. Artıq məndə belə şübhələr yaranıb ki, bu bir şəbəkədir və çox güclü himayədara malikdir. Əks təqdirdə, bir neçə nəfərə qarşı dələduzluq edən Mirheydər Seyidli çoxdan həbs olunmalı idi”.



Xaqani Hüseynov deyib ki, baş verənlərlə bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun qəbuluna yazılmaq üçün müraciət də edib: “Müraciətimdə cənab nazirdən məni qəbul etməsini və dinləməsini xahiş etmişəm. Vilayət müəllim bu cür məsələlərə həssas yanaşdığını bir media işçisi olaraq bilirəm. Hər halda dəfələrlə şahidi olmuşam ki, ona edilən müraciətlər cavabsız qalmayıb və problemlər dərhal həlllini tapıb. Ümid edirəm ki, cənab nazirə müraciətimdən sonra Mirheydər Seyidlini tapmaq çətin olmayacaq”.



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-06-2022, 21:00