İranla sərhəddə DSX-nin MAXE-ləri saxlanıldılar: Narkotik yığırmışlar
Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.
DSX-dən verilən məlumata görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş dörd bağlama aşkar olunub.
Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunub. Saat 20 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən dörd nəfər sərhəd naryadları tərəfindən saxlanılıb.
Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Fakt üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşkilatçısı olan Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.
Hadisə yerində götürülmüş bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.
Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
SON XƏBƏR / KARUSEL
Tarix: 22-07-2022, 13:45