mobil versiya

Sumqayıtda polis əməkdaşları çimərliklərdə reyd keçirir



Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.

Tədbir zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında 5 nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılıb. Həmçinin polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.

Qeyd edək ki, tətbiq edilən bu qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan şəxslər çimərlik ərazisinə buraxılmır və onlar barəsində qanuni tədbir görülür. Çimərliyə gələn vətəndaşların əksəriyyəti isə virusun yayılmasının qarşını almaq üçün qəbul edilən qərarlara hörmətlə yanaşır və polis əməkdaşlarının xidmətindən razı qaldıqlarını bildirirlər.

Sumqayıtda çimərlik ərazilərində avtomobillərin hərəkətini tənzimləmək və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidmətə cəlb olunublar. Yol polisləri əsasən çimərliyə müştəri gətirən taksi sürücüləri ilə profilaktik söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-08-2020, 22:01