Eldar Həsənovdan YENİ XƏBƏR: Vəkili danışdı...
Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənovun işi ilə bağlı yenilik var. Bu barədə onun vəkili Adil İsmayılov məlumat paylaşıb.
REPORTYOR.AZ xəbər verir ki, vəkil yazıb ki, Eldar Həsənovun cinayət işi Xarici İşlər Nazirliyinin həbs edilən vəzifəli şəxsləri barəsində açılan cinayət işindən ayrılıb.
Vəkil qeyd edib ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma faktlarına görə başlanmış və DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
A.İsmayılov bildirib ki, müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş Prokurorluğun rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Vəkil Eldar Həsənovun fikirlərini də bölüşüb:
"Bir daha bildirmək istəyirəm ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir. Məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırıb".
Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.
Başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 25-08-2020, 09:35