Evdə qızını zəncirlə bağlayan atadan YENİ XƏBƏR
Xəbər verildiyi kimi, Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Biləsuvar rayon prokurorluğundan verilən məlumata görə, istintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 24-09-2020, 15:24