mobil versiya

Aqil Abbas: “Seçkilər çox güman ki, fevralda keçiriləcək”



təşəbbüsü ilə çıxış etmələri gündəmi zəbt etməkdə davam edir. Bu istiqamətdə hər keçən gün yeni-yeni fikirlərə rast gəlirik. Qanunverici orqan barədə qəfil bu cür qərarın verilməsini vacib edən səbəblərlə bağlı suallara cavab axtarılır və fərqli mövqelər səslənir.

Xarici faktorların burada rol oynadığı barədə müzakirələr açılıb. Bu yöndə də bəzi ehtimallar önə çəkilir.

Deputatların YAP-çı həmkarlarının bu təşəbbüsünə reaksiyaları xüsusi diqqət çəkir. Onlar qərarı gözlədiklərini və bunun tam doğru olduğunu qeyd edirlər. Hətta bu təşəbbüsə sevindiyini dilə gətirənlər də tapılır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu islahatların parlamentə də şamil olunmasının gözlənilən olduğunu söylədi: “Aydındır ki, hakim Yeni Azərbaycan Partiyasının parlamenti buraxması qərarının arxasında prezident İlham Əliyevin istəyi dayanır. Birincisi, hazırkı parlament 2015-ci il seçkilərindən sonra formalaşıb. Prezident 2018-ci ildən islahatlara başlayıb. İslahatlar Prezident Administrasiyasından tutmuş Nazirlər Kabinetinə qədər bütün sferaları əhatə edib. Yeganə yer parlament idi ki, qanunverici orqan köhnə heyətlə işinə davam edirdi. Ancaq hazırkı parlament prezidentin başlatdığı islahatların ruhuna uyğun deyil. Doğrudur, parlament Prezident Administrasiyasının bütün istəklərini yerinə yetirir. Ancaq bunun özü elə parlamentin nüfuzuna zərər vurur. Millət vəkilinin işi Administrasiyadan gələn bütün sənədləri notarial qaydada təsdiq etmək deyil. Parlament qanununverici fəaliyyətini gücləndirməli, müxtəlif təşəbbüslərlə çıxış etməli və aktual məsələlərlə bağlı dinləmələr keçirməlidir. Bugünkü parlament bunları bacarmır. Məsələn siyasi prosesləri izləyən birisi kimi, 125 millət vəkilindən cəmi 25 və ya 30-nu üzdən tanıya bilərəm. Əksəriyyəti cəmiyyəti narahat edən mövzular barədə danışmır, fəal deyillər. Bəzi televiziya aparıcıları mənə açıq şikayət edirlər ki, millət vəkillərinin bir qrupu müxtəlif bəhanələrlə siyasi proqramlara qatılmaq istəmirlər. Görünür, ya mövzunu yaxşı bilmirlər, ya da yanlış nəsə deyə biləcəklərindən ehtiyat edirlər. Belə olan halda həmin deputata sual vermək lazımdır: Parlament müzakirələrdə fəal olmayacaqsansa, televiziya proqramlarında cəmiyyəti narahat edən mövzularla əlaqədar çıxış edib suallara cavab verməyəcəksənsə, üstəlik seçicilərlə əlaqələrdən qaçacaqsansa, niyə parlamentdə oturmusan və daha fəal vətəndaşın parlamentdə təmsil olunmaq haqqına niyə girmisən?
 
Elxan Şahinoğlu: “Parlamentin tərkibinin 70 faizinin dəyişməsinə ehtiyac var”

Ona görə bütün bunları nəzərə alan prezident parlament seçkisinin keçiriləcəyi gələn ilin noyabrını gözləməməyə qərar verdi. İkincisi, parlamentin bir qrup üzvü fəaliyyət göstərdikləri 4 ildə ziddiyyətli və cəmiyyəti narazı salan açıqlamalar verirdilər. Vətəndaşlara soğan əkməkdən tutmuş müəllimlərə fəhləlikdən etməyə qədər mənasız məsləhətlər verirdilər. Gənc dedikləri bir millət vəkili isə Cumhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə təhqiramiz fikirlər səsləndirmişdi. Bəziləri bizneslə məşğul olur, digəri borca girir və insanları aldadırdı. Bütün bunları cəmiyyət görür. Strateji Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun millət vəkilləri ilə bağlı hissəsi diqqətimi cəlb etmişdi. Həmin sorğuda millət vəkillərinin fəaliyyətindən vətəndaşların açıq narazılığı özünü göstərirdi. Hətta bəzi vətəndaşlar öz ərazilərindəki millət vəkilini tanımadıqlarını deyirdilər. Elə mənim özüm də yaşadığım ərazinin deputatını tanımıram. Fikrimcə, yeni parlamentin tərkibi hazırkı tərkibdən köklü surətdə fərlqənməlidir. Ən azı parlamentin tərkibinin 70 faizinin dəyişməsinə ehtiyac var. Parlamentdə müxalifət təmsilçilərinin yer almasını da vacib sayıram. Mübarizənin küçədə getməsindənsə parlament divarları arasında getməsi hamı üçün faydalıdır. Bu ölkəmizin təhlükəsizliyi baxımından da vacibdir. Çünki qanunsuz piket və davamlı mitinqlər ölkədəki mövcud sabitliyə təhdiddir. Bəzi xarici mərkəzlər Azərbaycanın zəfiləməsini gözləyirlər. Bu mərkəzlərə fürsət verməməliyik. Bu mənada növbəti parlament seçkisinin şəffaf və ədalətli keçirilməsi də vacibdir ki, hansısa beynəlxalq təşkilat keçmişdə olduğu kimi seçkinin demokratiyaya zidd olduğunu bəyan etməsin. Bu bizə lazım deyil. Unutmayaq ki, işğal faktı var və bunu həll etməyə çalışırıq. Demokratik və ədalətli seçki və bunun beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunması beynəlxalq aləmdə əlimizi gücləndirəcək”.
 
Fikrət Yusifov: “Bəzi deputatları çıxmaq şərti ilə…”

Sabiq maliyyə naziri Fikrət Yusifov: “Parlamentin buraxılması gözlənilən idi. Ölkədə gedən bütün səviyyələrdən olan islahatlar, o cümlədən iqtisadi islahatlar fonunda bəzi deputatları çıxmaq şərtilə bütövlükdə ətalət içərisində olan və islahatların ruhuna uyğun çeviklik nümayiş etdirə bilməyən bir parlamentin buraxılmasını doğru hesab edirəm. Yeni seçiləcək parlamentdə aktiv fəaliyyət göstərə biləcək iqtisadçıların və hüquqşünasların olmasını görmək istərdik”.

Keçmiş deputat, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli burada xarici faktorların ola biləcəyini də ehtimal edir: “Parlament hələ buraxılmayıb, yəni prezidentin müvafiq sərəncamı yoxdur. Onun üçün indidən danışmaq hələ tezdir. Lakin reallıqdır ki, Yeni Azərbaycan Partiyası parlamentdə rəsmi üstünlük təşkil edir. Onun deputatların parlamentin buraxılması ilə bağlı müraciətləri hüquqi mənada heç bir hüquqi nəticəyə səbəb olmur. Çünki konstitusiya ilə Milli Məclisin buraxılmasının əsasları orada tam müəyyənləşib. Orada da deputatların müraciətləri əsasında qanunverici orqanın buraxılması nəzərdə tutulmayıb. Bu mənada bu sadəcə bir siyasi aksiyadır. Əgər YAP deputatları həqiqətən də parlamentin buraxılmasını istəyirlərsə, o halda ən azından 40, yaxud daha çox deputatı fərdi qaydada MSK-ya müraciət etməli, rəsmi qaydada parlamentdən imtina etməlidirlər. Bunun nəticəsində Milli Məclisin say tərkibi aşağı düşür və orqan öz funksiyalarını yerinə yetirmək imkanına malik olmur. İndi baş verənləri şərti aksiya kimi qiymətləndirirəm. Seçkilərə bir ildən az qalmışdı, gözləyə bilərdilər. Amma görünür bizim də bilmədiyimiz məqamlar var ki, hakimiyyət bu addımı atdı. Burada xarici faktorların olmasını da mümkün sayıram. Xarici ölkələrin Azərbaycanda müəyyən maraqları var. Onlar bu və ya digər şəkildə Azərbaycan dövlətinə təzyiq edə bilirlər. O cümlədən, parlamentlə bağlı məsələdə təzyiq göstərə bilirlər. Ola bilər ki, bu faktorlardan yaxa qurtarmaq, yaxud bu faktorların təsiri altında belə bir addım atılıb”.
 
Qulamhüseyn Əlibəyli: “İndidən danışmaq hələ tezdir”

Q.Əlibəyli deputatların qərara etiraz etməmələri barədə düşüncələrini bu cür bölüşdü: “Onlar yaxşı bilirlər ki, parlamentdə təmsil olunmaları seçkilərdə toplayacaqları səslərdən asılı deyil. İqtidarın burada mövqelərini yaxşı bilirlər. Bu baxımdan ola bilsin ki, hakimiyyətin mövqeyini indiki məqamda dəstəkləməklə gələcəkdə özlərinə yer hazırlamaq istəyirlər. Parlamentin nə dərəcədə dəyişəcəyini söyləmək çətindir. Açığı, Milli Məclisin indiki tərkibi haqqında tam təsəvvürüm yoxdur, amma təxmini bilirəm. Hesab edirəm ki, yarıdan çox parlamentin tərkibinin dəyişəcəyinə ümid etmək olar”.

Deputat Aqil Abbas burada qeyri-adi heç nə görmür: “Ölkədə böyük islahatlar gedir. Bunlar da yəqin fikirləşdilər ki, islahatların bir qolu da parlament olsun. Amma dəqiq səbəbini bilmirəm. Bu, dünyada olan təcrübələrdən biridir. Qeyri-adi heç nə görmürəm. İstəməzdim parlament buraxılsın. Amma belə məsləhət görüldüsə, biz də dəstəkləyəcəyik. 68 deputat parlamentə gəlməsə, nə ola bilər? Bunlar istefa ərizəsi yazırlar. Kimin özünə inamı varsa, növbədənkənar seçkilərə gedib, namizədliyini verəcək. Seçib-seçməmək artıq xalqın işidir. Mənim özüm təbii ki, namizəd olmağı düşünürəm. Üç dəfə kimlər mənə səs veriblərsə, onlarla məsləhətləşəcəm. İndi də Qarabağ camaatı ilə mütləq danışacam. İndiyə qədər belə olub və namizədliyimi vermişəm”.

Deputat əksər həmkarlarının qərara müsbət yanaşmalarına da münasibət bildirdi: “Hər kəs öz dediyinə cavabdehdir. Amma uzun zamandır bu söhbətlər gedirdi. Yəni o mənada parlamentin buraxılacağını həmkarlarım gözləyirdi. Amma sevinclə gözlədiklərini deyənlər varsa, buna nə deyəsən. Deyirlər ki, parlament nələrəsə mane olurdu. Bu orqan nəyə mane ola bilərdi ki? Məsələ qoyulur və bizlər də müzakirə edib, səs veririk. Deputatların hamısı dövlətçiliyə, möhtərəm prezidentin siyasətinə dəstək verən insanlardır. Parlamentdə gəncləşmənin olmasına təbii ki, ehtiyac var. Amma bu seçkidir. Bəlkə seçici yenə də yaşlı namizədə səs verəcək, kim bilir. Kim deyə bilər ki, 25, yoxsa 70 yaşlı seçiləcək? Bu, xalqın seçkisidir. İstədiyini xalq seçir. Növbədənkənar seçkiləri xarici faktorla bağlayanlara gəlincə, açığı, bu barədə nəsə deyə bilmərəm. Xarici faktor Azərbaycanda adətən aranı qarışdırmaq, milləti üz-üzə qoymaq, radikallara qrantlardan verib iş gördürməkdən ibarət daha çox olur. Azərbaycanda əmin-amanlığın olmasını xarici qüvvələr heç zaman istəmirlər. Ona görə də, ola bilsin ki, xaricilərin əl-qolunu bağlamaq üçün prezident və parlament bu yola gedib. Amma xarici qüvvə təsir edə bilməz ki, mütləq seçki keçirilməlisiniz. Müstəqil dövlətik, heç kəsin sözü ilə oturub-durmuruq”.

Deputat seçkilərin fevralda olacağını düşünür: “Təxminən fevralda çox güman ki, seçkilər keçiriləcək. Qanunda belədir ki, prezident nə vaxt sərəncam verirsə, bundan sonrakı iki ay müddətində seçkilər keçirilir”.//MUSAVAT.COM

KARUSEL / GÜNDƏM / SİYASƏT
Baxılıb: 34 Tarix: 30-11-2019, 16:41


Şərh bildir
yenilə, əgər kod görünmürsə