mobil versiya

Cənubi Sudanda daşqınlar: Təxminən 335.000 insan evindən didərgin düşüb





Güclü yağışlar və Nil çayının daşması Cənubi Sudanda genişmiqyaslı daşqınlara səbəb olub. BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, fəlakət ölkənin altı ştatına təsir göstərib və təxminən 335.000 insan evlərini tərk etməyə məcbur olub.

Anadolu Agentliyi xəbər verir ki,ən çox zərər çəkən bölgələr Jonglei və Unity ştatları olub. Daşqınlar 61 məktəbə ziyan vurub, 22.000-dən çox şagird və 700 müəllimə təsir edib. Təsirə məruz qalan ərazilərdə səhiyyə və təhsil müəssisələrinin işi pozulub, su ilə əlaqəli xəstəliklər artmaqdadır və qida çatışmazlığı daha da pisləşir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Cənubi Sudandakı ofisi bildirib ki, mövcud daşqınlar ötən ilki daşqınlardan daha pisdir. Əlverişsiz hava şəraiti davam edərsə, təsirlənən insanların sayı 1 milyonu keçə bilər, 400.000-ə qədər insan təxliyə olunmaq məcburiyyətində qala bilər.

BMT və humanitar təşkilatlar giriş çətinliklərinə və maliyyələşdirmənin azalmasına baxmayaraq həyati əhəmiyyətli yardımlar göstərməyə davam edirlər. Lakin mövcud resurslar kifayət qədər deyil.

Son illərdə ardıcıl baş verən daşqınlar Cənubi Sudanın iqlim dəyişikliyinin təsirlərinə qarşı həssaslığını artırıb. Oxşar təbii fəlakətlər 2020, 2021 və 2022-ci illərdə baş verib və milyonlarla insana təsir edib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, daşqınlar, ərzaq çatışmazlığı, daxili münaqişələr və epidemiyaların birləşməsi ölkəni yeni humanitar fəlakətə apara bilər.


Reportyor.az



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:47