"Sammit Azərbaycanın yaşıl iqtisadiyyat modelinə keçidini gücləndirəcək" - ekspert

“Xankəndidə keçirilən Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir və ölkəmizin qarşısında iqtisadi baxımdan da böyük imkanlar açır”.
Reportyor.az xəbər verir ki, bunu "Azərtac"a Xankəndi şəhərində baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünü şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, Azərbaycan artıq üçüncü dəfədir ki, bu beynəlxalq sammitə ev sahibliyi edir.
“Bu, heç şübhəsiz Azərbaycanın qlobal mənada strateji aktora çevrilməsinin bariz nümunəsidir. Qarabağın beynəlxalq əməkdaşlıq məkanı kimi yeni imicinin formalaşması baxımından da müstəsna əhəmiyyət kəsb edir. Bu, artıq Qarabağın konflikt zonası kimi deyil, inkişaf, əməkdaşlıq və regional inteqrasiyanın mərkəzi kimi beynəlxalq nüfuzunu artırır. Forumun gündəliyinə regional ticarət, enerji, nəqliyyat, iqlim və dayanıqlı inkişaf mövzuları daxildir. Sammitdə Xəzər İqlim Bəyannaməsi, karbon ticarəti və “yaşıl enerji zonası” kimi təşəbbüslər müzakirə olunacaq. İnvestisiya axınının stimullaşdırılması, Qarabağ bölgəsinə olan marağın daha da artırılması, ticarət və logistika dəhlizlərinin genişlənməsi, Qarabağ bölgəsinin iqtisadi bərpası və İƏT ölkələrinin bu prosesə cəlbi, Azərbaycan məhsullarının İƏT dövlətlərinə ixracı, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sahəsində gözlənilən razılaşmalar ölkəmiz üçün strateji əhəmiyyət daşıyır. Sammit Azərbaycanın yaşıl iqtisadiyyat modelinə keçidini də gücləndirəcək. Xankəndi və bütövlükdə Qarabağın turizm potensialını artıracaq. Yerli məşğulluğun artırılmasına mühüm töhfələr verəcək”, - deyə AQC sədri bildirib.

Vüqar Oruc qeyd edib ki, Rusiyada əmək böhranı yaşanır və rəsmi Moskva bu problemi miqrantların və qeyri-rus əhalisinin hesabına kompensasiya edir.
“Şimal qonşumuz miqrantlardan imtina etsə, daxildə sosial problemlər qarşısıalınmaz xarakter alacaq. Rusiya, həmçinin Qərblə, böyük dünya gücləri ilə böhran vəziyyətindədir və Azərbaycanla da münasibətləri gərginləşdirmək Kreml üçün riskli qərardır. Bu baxımdan Moskva radikal mövqeyindən əl çəkməli və daxildəki ifrat qrupları zərərsizləşdirməlidir”, - deyə AQC sədri vurğulayıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-07-2025, 17:28