mobil versiya

Pirallahının icra başçısına: Niyə o qadını kabinetinizdə qorxutmusunuz?





"...Özünü “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui istifadə edərək, sadəlöv insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cuzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir. Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir sakinin yanındadır..."



Pirallahı İcra Hakimiyyəti ehtiyaclı ailə barədə yardımçılar haqda yaydığı açıqlamasında belə bildirib.


***


Adıgedən gənci yaxından uzaqdan tanmışlığım yoxdur. Haqqında sosial şəbəkələrdə mənfi fikirlər yazıldığına şahid olmuşam zaman-zaman o qədər. İndi, nə qədər, hansı maliyyə ilə yardım edir, bunu da bilmirəm. Bildiyim bir şey var.



Dövlətin başçısı, Prezident İlham Əliyev həssas təbəqəyə, ehtiaclı ailələrə fərdi təşəbbüsü ilə yardım edənlərə, təşəkkür edib. Və icra başçılarına şəxsən tapşırıq verib ki, yardım edənlərə mane olmasınlar, şərait yaratsınlar. Bu dolayısı ilə həm də Prezidentə real vəziyyətlə bağlı məlumatları dəqiq və fərqli adamlardan, özü də çılpaqlığı ilə almağa imkan verəcək. Yəni bu həm də o deməkdir ki, dövlətə gerçək mənzərə göstərilmir və ya görünməsi vacib olan problemlər ört-basdır edilir. Ölkənin ali rəhbərliyinə regionlardakı vəziyyətlə bağlı yalan hesabatlar və məlumatlar verilir. Məsələn, ehtiyaclı və işsizlərlə bağlı vəziyyətin gerçəyi əks etdirmədiyini koronovirus pandemiyası çox aydın üzə çıxardı. Yəni bu mənada Pirallahı icra başçısının narahatlığını hər kəs kimi, bəndəniz də yaxşı anlayır. Amma və lakin, mənim də xeyli sualım var, yazar, jurnalist olaraq. Şəxsini indiki halda tapmağın asan bir iş olmasına inanmıram. O üzdən yazılı şəkildə qeyd eləməyi lazım bilirəm.


Açıqlamanızda dövlət sakinlərin yanındadır deyirsiniz. Harada idiniz bu yardımçılara qədər?


Sizindəmi istifadə etdiyiniz ayaqyolu qırıq taxtalardan ibarətdir?


Sizdəmi selofanlı "hamamda" yuyunursunuz, özü də qulflu ilə?


Ailə üzvlərinizlə, sizdəmi iki metrlik "naxalstroyda" qalırsınız?


Sizidəmi dövlət adından aldadırlar həmişə?


Sizədəmi tez-tez "yoxdur, geymə, yemə, xərcləmə" deyirlər?


Neçə adama pul borclusunuz?


Kreditiniz varmı? Varsa hansı məbləğdədir?


Hansı ərzaq dükanlarının nisyə kitablarında adınız var?


Dövlət adamı kimi o sakinlərin yanına axırıncı dəfə nə zaman getmisiniz?


Söküb yeni ev tikmək istəyənlərə deyirsiniz ki, ərazi neft şirkətinindir, iki ilə sizi köçürəcəklər. Ayıb olmasın soruşmaq, necə olub o adamların.o yerlərdə məskunlaşmasına icazə vermisiniz?


Bələdiyyə, icra nümayəndələrinizin fəaliyyətindən xəbərdarsınızmı?


Son dəfə insan, məmur, vətəndaş olaraq vicdanınıza nə zaman hesabat vermisiniz?


Ehtiyaclı ailələrin efirdə göstərilməsindən niyə narahatsınız?


Oğurlamısınızmı?


Oğurlayırsınızmı?


Neçə saxta hesabat vermisiniz dövlət başçısına, işsizlər və ehtiyaclı ailələrlə bağlı?


Sosial müavinətlərin ədalətli verilməsi Pirallahıda təmin olunubmu?


Ən vacib sual: Niyə dövlət başçısının tapşırığına əməl etmirsiniz?


İnsanlara yardım edənlərə niyə şərait yaratmırsınız?


Niyə ehtiyaclı ailələr haqda məlumat verən qadını kabinetinizdə qorxutmusunuz?


Niyə Prezidentlə xalq, dövlətlə xalq arasında uçurum yaradır və hər gün onu bir az da dərinləşdirirsiniz?


Bu qədər ac və ehtiyaclı sakininiz, həyatı sizə əmanət olunan insanınız varkən, tox yata bilirsiniz?



Nə isə...Sizdən daha çox söz soruşmaq olardı, cənab başçı, amma ütülü, andlı-amanlı o qədər cavablar görmüşük ki, demişik, əstağfürullah, bəlkə peyğəmbərə ləkə yaxırıq. Sonra da düşünmüşük ki, axı peyğəmbərin "kalstuk"la doqqasının, bir də ayaqqabısının markası olmayıb. Xüsusi toxunmuş parçadan ancaq onun üçün tikilən kostyum geyməyib. Brend köynəyi olmayıb. Bahalı həyat tərzindən, yalandan, fırıldaqdan, haramdan, əl çəkib bəşəriyyəti xilas üçün hər şeyindən keçmişdi. Bəlkə də o üzdəndir ki, əsirlərdir gördüyü iş təkcə iman yeri yox, həm də tarixdir. Maraqlıdır, sizlər tarixə necə düşəcəksiniz? Bəlkə bu yazı tarixin arxivində balaca bir yer tutdu. Məncə, çoxunuz üz qarasısınız yazıram o ümidlə...


KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 16-04-2020, 13:58