“Nə sinəm, nə də belim açıq olacaq – Damla həmkarlarına söz atdı (Fotolar, Video)
“Qadın hər zaman nəzarətdə olmalıdır, kişinin kölgəsini hiss etməlidir”.
Martın 25-i Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşan Damla media nümayəndələri ilə bir araya gəlib
Bununla bağlı mətbuat konfransı keçirən sənətçi daha sonra musavat.com saytının suallarına cavab verib. O bildirib ki, Heydər Əliyev Sarayında konsert vermək uşaqlıq arzusudur:
“Titulundan asılı olmayaraq, hər bir müğənninin arzusudur ki, Heydər Əliyev Sarayında konsert versin. Bu da mənim ən böyük arzularımdan biri idi. Bu arzumu 32 yaşımda reallaşdıracağım üçün çox sevinirəm. Öncədən deyim ki, tamaşaçılar gecədə məndən şou gözləməsinlər. Onlar üçün iki saat canlı oxuyacağam. Solo konsert olduğu üçün səhnəni heç bir həmkarım ilə bölüşməyəcəyəm. Geyimi dəyişəndə səhnəyə rəqqaslar çıxacaq Çox həyəcanlıyam”
– Adətən qadın müğənnilər diqqət çəkmək üçün konsertlərində açıq-saçıq, dekolteli libaslardan istifadə edir. Siz bu variantdan istifadə edəcəksiniz, yoxsa tamaşaçı Damlanı adət etdiyi tərzdə görəcək?
– Konsertimdə açıq-saçıqlığa üstünlük verməyəcəyəm. Nə sinəm, nə də ki belim açıq olacaq. Konsertim üçün xüsusi iki geyim hazırlanır. Hər iki geyim standartlardan kənar olacaq. Fərqlilik mütləq olacaq, çünki tamaşaçılar üçün özəl bir gecə hazırlayırıq.
– “Yaşıl Teatr”dakı konsertdə geyindiyiniz libaslara görə tənqid atəşinə tuş gəldiniz. Sizə tutulan iradlarla razısınız?
– Sənətçinin konsertində geyimini, səhnə dekorasiyasını, şousunu, ifasını müzakirə etmələrini normal sayıram. Bu belə də olmalıdır. Yetər ki, müğənnin özəl həyatını ortalığa çıxarıb, onun haqqında artıq-əskik sözlər danışılmasın. İşimizi müzakirə etsinlər. İradlara, tənqidlərə açığam.
– Sizi həm də hər zaman zövqsüzlük və bayağılıqda ittiham edirlər.
– Rənglər və zövqlər müzakirə olunmaz. Bəyəndiyim bir şeyi siz bəyənməyə bilərsiniz, və ya əksinə. Nə rahatdırsa, onu da geyinirəm və geyinəcəyəm. Önəmli olan musiqilər və səhnə tərtibatıdır. Modelyer deyiləm ki, geyimlərim qınanıldığına görə depressiyaya düşüm. Bu, normal bir haldır.
Əgər bir insanı zövqsüzlükdə və bayağılıqda günahlandırırlarsa, onun təhlili verilməlidir. Görmədim ki, kimsə çıxıb, bunların təhlilini versin. Danışırlar, amma təhlilini verə bilmirlər. “Damlanın oxuduğu mahnılar bayağıdır” deyənlər çıxıb təhlil versinlər, nə bayağıdır? Mahnının musiqisi və sözləri bəsitdir, yoxsa aranjimanı sıradandır? Çəkdirdiyim kliplərin görüntüsü aşağı keyfiyyətlidir? Çıxıb böyük-böyük danışırlar, amma etdiklərimin təhlilini belə vermirlər.
Səhnəyə gəldiyim yeddi il müddətində bütün müğənnilər məni zövqsüzlükdə və bayağılıqda günahlandırıblar. İndiyə kimi danışırlar, səhnədə olduğum son günə kimi danışacaqlar. Nə zaman yoxa çıxsam, o zaman hamı susacaq.
Kaş ki, mənə dediklərini ürəyimə salıb, ciddiyə alsam… Danışırlar da, belə də davam etsinlər. Bu şeyləri özümə dərd etmirəm. Onlara ayıracaq vaxtım yoxdur. Heç zaman düşünmürəm ki, əgər həmkarlarımdan kimsə mənə nə isə söyləyirsə, ona gündəmi silkələyəcək cavab verəcəyəm. Nə deyim ki, onun əsəblərinə toxunsun? Məni qıcıqlandıran insanı qıcıqlandırmaram. Mən ona o şansı vermərəm.
– Həmkarlarınız daim sizə qarşı aqressiv davranırlar. Bunun səbəbi nədir?
Onların cərgəsində olmadığım üçün mənə qarşı bu qədər sərt mövqedədirlər. Onların olduğu dairədən, çevrədən kənarda, uzaqlardayam. Görürlər ki, onlar arasında yoxam, içlərində aqressiya oyanır. Söyləyirlər ki, “Bu özünü nə sanır ki, bizim cərgəmizdə deyil, bizlə oturub-durmur, yanımızda yoxdur”. Amma burada da yaxşı tərəflərimi görmürlər. Fikirləşmirəm ki, həmkarıma hansısa hərəkətinə görə efirdən çıxıb barmaq uzadım, ağıl göstərim. Bunları etmək istəmirəm.
Bəzi dırnaqarası sənət yoldaşlarım məni alçaltmaqla millətin gözündə ucalmırlar, əksinə, düşürlər. Haqqımda xoşagəlməz sözlər danışanlara bir məsləhətim var, hisslərini, sağlıqlarını, cavanlıqlarını aqressiyaya və eqoizmə qurban verməsinlər.
– Verilişlərin birində dediniz ki, “Azərbaycanda meqastar yoxdur” . Bu sözlərə görə sizə irad bildirdilər. Siz isə yenə də susdunuz.
– Bir ildir ki, efirlərdə yoxam. Danışırlar, susuram. Amma yenə danışılıb, müzakirə olunuram. Bunlara rəğmən yenə konsertlərim anşlaqla keçir, mahnılarım hitə çevrilir, trend olur. Baxışlar isə “Youtube”da milyonları ötür. “Azərbaycanda meqastar yoxdur” sözümə görə həmkarlarım mənə qarşı çıxdı. Demədim ki, Azərbaycanın meqastarı mənəm. Niyə bu sözlərdən qıcıqlandılar? Demədim ki, məndən yoxdur.
– Şairə Nazilə Səfərlinin “Ona qalsa” səhər şousunda “Yeni çıxan ifaçıları o qədər baltalayırlar ki… O da deyir, böyüyüm, görün, sizi nə günə qoyuram. Axırda da böyüyüb, deyir ki, Azərbaycanda meqastar yoxdur. Damlanı salamlayıram. İnsan sakit yolu ilə gəlir, hərə bir daşı atır. Bərkiyir və qoşunun qabağına tək çıxır. Elə bir söz deyir ki, hamı susur” deyərək sizə söz atdı.
– Nazilə xanıma “ruhumun qadını” söyləyirəm. Onun şeirlərinin aşiqi, dəlisiyəm. Nazilə xanım bəlkə də elə düşünüb ki, “Azərbaycanda meqastar yoxdur” sözünü qıcıqlanıb və əsəbləşdiyimə görə demişəm. Amma bu, belə deyil. Sadəcə reallığı söylədim. Əgər dünyaca sevilən və dinlənilən meqastarımız olsaydı, sevə-sevə adını çəkib, fəxrlə onun haqqında danışardım. Bir-birimizin uğuruna sevinməyi nə zaman bacaracağıq? Nə zamana kimi deyəcəyik “tanımıram, eşitməmişəm, xəbərim yoxdur”. Bu yalanlar hara qədər gedib çıxacaq? Bizə düşmən lazım deyil. Biz özümüzü başqalarına güldürürük.
– Başqa ölkələrdə məşhurlar adətən qadına şiddəti qınayır. Bizdə isə əksinədir. Son olaraq müğənni Manaf Ağayev “Qadının bir kəlmə sözünə görə, başını kəsərəm” sözləri ilə diqqət çəkdi.
– Qadına qarşı edilən zorakılığa birmənalı şəkildə qarşıyam. “Yara” adlı klipimdə də bu mövzuya toxunmuşam. Vurmaqla, döyməklə ailə olmaz. Düşünürəm ki, Manaf bu kəlmələri loru dildə söyləyib. Kişi hər zaman özünü qadının üzərində kölgə kimi hiss etməlidir. Qadın hər zaman nəzarətdə olmalıdır. Qadın incə, zərif məxluqdur. Onu hər zaman qorumaq lazımdır. Qadını da kim qoruya bilər? Yalnız kişi.
– Bir müddət öncə “Taxta ayı” filminin ikinci hissəsini çəkəcəyinizi dediniz. Hazırda filmin aqibəti necədir?
– Hazırda ikinci hissə haqqında düşünmürük. Gündəmdə konsertlərimiz var. Gələcəkdə əlbəttə, filmlər çəkəcəyik.
– Əməkdar artist Kəmalə Müzəffər “Taxta ayı” filmində canlandırdığınız obrazı tənqid etdi, sizi qeyri-peşəkar adlandırdı.
– Mən müğənniyəm, aktrisa deyiləm. “Taxta ayı” filmimizdə aktrisa kimi özümü sınadım. Kəmalə xanım peşəkar gözlə baxdığı üçün tənqidlərini normal qəbul edirəm. Növbəti dəfə film çəkəndə Kəmalə xanıma müraciət edib, onun aktyorluq kursuna yazılaram.
– Qadın müğənnilər tez-tez kişi məclisinə getmədiyini açıqlayır və sözügedən məclislərdə iştirak edən qadın müğənniləri qınayırlar. Siz kişi məclislərinə dəvət alırsınız?
– Kişi dedikdə kiminsə atası, qardaşı, həyat yoldaşı nəzərdə tutulur. Ürəyi sağlam tutmaq lazımdır. Mən kişi məclisinə getmirəm, çünki dəvət edilməmişəm. Orada insanlar özlərini çərçivədən kənar aparmırlar. Nə var ki, kişi məclisində? Oraya gedəndə nə olur ki? Bir qadın müğənnisi normal şəkildə özünü idarə edib, mahnısını oxuyub, çıxıb gedirsə, burada nə olur ki? Qəlbini necə tutacaqsansa, elə də düşünəcəksən. Sizə açıq deyim ki, kişi məclislərinə dəvət almıram. Niyə biz hər şeyin pis tərəfini düşünüb, xoşagəlməz yollara yozuruq? O kişilər bizim qardaşımız, atamız, əsgərimizdir.
MARAQLI / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 28-02-2020, 13:30