Birinci yarımildə 6 mindən çox vətəndaş, 47 dövlət qurumunun 95 əməkdaşı hakerlərin hədəfi olub
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, belə təşəbbüs dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasında ictimai və peşəkar potensialın birləşdirilməsinin bariz nümunəsidir.
“Müasir dünyada kibertəhlükəsizlik yalnız qapalı sistemlərin müdafiəsi deyil, həm də ekspert icmaları ilə əməkdaşlıq deməkdir. Hakerlər sadəcə informasiya sistemlərini deyil, eləcə də vətəndaşları hədəf alır və onların fərdi məlumatlarından, əsasən maliyyə dələduzluğu əməliyyatlarında istifadə edirlər. Belə ki, Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk 4 ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarının 6 milyondan çox olduğu bildirilib. Xidmət tərəfindən aparılan monitorinqlər nəticəsində 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin "qurbanına" çevrildiyi müəyyən edilib. Hakerlərin hədəfinə çevrilən vətəndaşların bu sahədə daha diqqətli və ayıq olmaları üçün cəmiyyətdə kibermaarifləndirmənin müxtəlif üsul və vasitələrlə yayılmasının intensivləşdirilməsini məqsədəuyğun hesab edirik”, - deyə Allahverən İsmayılov əlavə edib. (Azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:56