mobil versiya

Yupiter – Günəş sisteminin nəhəngi



Yupiter Günəş sisteminin ən böyük planetidir. O qədər böyükdür ki, təkcə onun kütləsi digər bütün planetlərin cəminin 2,5 misli qədərdir. Əgər Yupiter içi boş bir kürə olsaydı, onun içinə 1300-dən çox Yer planeti yerləşə bilərdi.

Bu nəhəng qaz topunun diametri təxminən 143 min kilometrdir – yəni Yer kürəsindən 11 dəfə böyük. Lakin Yupiterin əsasını bərk səth deyil, hidrogen və helium qazlarının nəhəng buludları təşkil edir.

Yupiterin atmosferi, sanki, əbədi qaynayan bir dənizdir. Burada küləklər saatda 600 km-ə qədər sürətlə əsir. Ən məşhur hava hadisəsi isə Böyük Qırmızı Ləkədir. Yer kürəsindən üç dəfə böyük olan nəhəng fırtına ən azı 350 ildir dayanmayıb və hələ də fırlanır. Əgər insan orada dayana bilsəydi, səma alovlu və girdablı bir cəhənnəm kimi görünərdi.
Yupiterin maqnit sahəsi Yerin maqnitindən 14 dəfə güclüdür. Bu sahə ətrafında güclü radiasiya qurşaqları yaradır və istənilən kosmik aparatı qızardacaq qədər təhlükəlidir. Buna baxmayaraq, NASA-nın Juno aparatı 2016-cı ildən bu nəhəngi öyrənməyə davam edir və hər yeni dövrəsində heyrətamiz məlumatlar göndərir.
Yupiterin ətrafında 80-dən çox peyk fırlanır. Onların arasında dördü xüsusilə məşhurdur - İo, Avropa, Qanimed və Kallisto.
İo – Günəş sistemində ən aktiv vulkanlara sahib dünyadır.
Avropa – buzla örtülmüş səthinin altında okean gizlənir və bu okeanda həyat ola biləcəyi düşünülür.
Qanimed – bütün planetlər arasında ən böyük peykdir, hətta Merkuri planetindən də böyükdür.
Əgər Yupiter bir az da böyük olsaydı, bəlkə də o, ulduza çevriləcəkdi. Onun tərkibi Günəşə çox bənzəyir. Planet əsasən hidrogen və heliumdan ibarətdir. Sadəcə, kütləsi az olduğu üçün öz iç təzyiqi onu yandırmağa kifayət etməyib. Bu səbəbdən, bəzən Yupiterə yarımçıq ulduz da deyilir.

Reportyor.az



MARAQLI / KARUSEL
Tarix: Bu gün, 13:38