Bakıda evə oğurluğa girən Səbinədən ağlasığmaz üsul: İti hamama apardı və ... - FOTO
Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən reportyor.az-a bildirilib.
Verilən məlumata görə, əməliyyat Səbail RPİ Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəsdə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.
Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib.
Hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
KARUSEL / HADİSƏ / SOSİAL / ÖLKƏ
Tarix: 27-09-2019, 15:46