mobil versiya

Azərbaycanda yeni qurum yaradıldı



Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar verib.

Reportyor.az xəbər verir ki, qərarda deyilir: 

1. Dövlət Əməyin Mühafizəsi Fondu yaradılsın.

2. “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

Dövlət Əməyin Mühafizəsi Fondunun
ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 221-ci maddəsinin birinci və dördüncü hissələrinə əsasən hazırlanmışdır və Dövlət Əməyin Mühafizəsi Fondunun (bundan sonra - Fond) idarə olunması və onun vəsaitlərindən istifadə edilməsi qaydalarını tənzimləyir. 

1.2. Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarətdir.

1.3. Fondun idarə edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir.

2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən;

2.1.2. müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən.

2.2. Fondun vəsaiti Nazirliyin büdcədənkənar xüsusi xəzinə hesabında yığılır və Nazirlik bu vəsaitlər üzərində sərəncam verir.


2.3. Fondun vəsaitlərindən istifadə bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Nazirlik tərəfindən hər il üçün təsdiq olunan gəlir və xərclər smetası əsasında həyata keçirilir.

2.4. Maliyyə ilinin sonuna Fondun hesabında qalan xərclənməmiş vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir və bu Əsasnaməyə uyğun olaraq istifadə edilir.

2.5. Fondun vəsaiti Azərbaycan manatı və xarici valyutalarla formalaşdırılır.

2.6. Fondun vəsaiti bu Əsasnamədə nəzərdə tutulmayan məqsədlərə istifadə edilə bilməz.

2.7. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.7.1. əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

2.7.2. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasına;

2.7.3. əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına;

2.7.4. əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə;

2.7.5. əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə);

2.7.6. əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

2.7.7. Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasına;

2.7.8. əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanmasına və yerinə yetirilməsinə.

2.8. Fondun vəsaitlərindən istifadə olunması haqqında ilin yekunlarına görə hesabat Nazirlik tərəfindən hazırlanaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur.

2.9. Fondda olan vəsaitlərdən səmərəli istifadə olunmasına Nazirlik və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən nəzarət edilir.
KARUSEL / ÖLKƏ
Tarix: 2-10-2019, 13:55