Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? – Vəkildən açıqlama
Demək olar ki, hər gün yerli mətbuatda özəlliklə qadınların foto və ya videolarla şantaj edilməsi ilə bağlı xəbərlər görürük. Sosial mediada qızlarla həmsöhbət olub, ardınca hədə-qorxu gələrək pul tələb edən şəxslər kifayət qədərdir.
Maraqlıdır, bu şəxsləri qanunvericiliklə hansı cəzalar gözləyə bilər?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə Sfera.az-a açıqlamasında deyib ki, qeyd edilən hallarda hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibi yarana bilər:
“Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hədə-qorxu ilə tələb etmənin üsullarında biri olan zərərçəkmiş şəxs və onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub olmamasının əhəmiyyəti yoxdur. Başlıcası odur ki, zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi hüquq pozuntusu barədə məlumatlar və sair aid edilə bilər”.
Müsahibimiz bildirib ki, burada hədə konkret olaraq şəxsin mənzilinə, avtomobilinə, pul vəsaitinə yönəlmiş olmalıdır:
“Yəni hədə zərərçəkmiş şəxs tərəfindən real və həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Belə hədə zərərçəkmiş şəxsə müxtəlif üsullarla və formalarda çatdırıla bilər. Bu cinayətin subyekti 14 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxsdir. Yəni cinayət törədənin 14 yaşının tamam olması kifayətdir ki, törətdiyi əmələ görə məsuliyyətə cəlb olunsun. Qeyd olunan əməl formal tərkibli cinayət olduğundan hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab olunur və cinayət məsuliyyətinə cəlb olunması üçün əsas yaradır. Lakin bu kimi şəxslər öz çirkin niyyətlərini bir çox hallarda saxta profillər, saxta istifadəçi adlar üzərindən etdiyi üçün onların aşkar olunması o qədər də asan olmur. Şəxsiyyəti bəlli olmayan, anonim şəxslərin məsuliyyətinə cəlb olunması olduqca çətindir. Ona görə də vətəndaşlara tövsiyyə olunur ki, tanımadıqları və saxta profillərlə, saxta istifadəçi adlarla yazan şəxslərlə öz şəxsi və ailə həyatı sirrinə aid olan məlumatları bölüşməsinlər”.
KARUSEL / ÖLKƏ
Tarix: 18-07-2022, 14:23