Əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər nazirinə müraciət olunub
Londonda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları İcmasının rəhbəri Fəridə Pənahova Ermənistanda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə məktubla müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məktubda Azərbaycan Ordusu əsgərlərinin – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşmələri səbəbinə aydınlıq gətirilib, hərbçilərimizə qarşı törədilmiş qeyri-insanı hərəkətlərə diqqət cəlb edilib. Bu cinayətkar insident beynəlxalq humanitar qanunların Ermənistan tərəfindən kobudcasına pozulması kimi qiymətləndirilib.
Müvafiq beynəlxalq təşkilatların təkcə bu cinayətkar insidenti deyil, həm də Ermənistan tərəfindən son 30 ildən artıq müddət ərzində itkin düşmüş 3890 nəfər azərbaycanlıya qarşı zorakılık aktlarını araşdırmasının və hüquqi qiymət verməsinin vacib olduğu vurğulanıb. Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyası, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmədiyi bir daha nəzərə çatdırılıb.
Azərbaycanlı hərbçilərə işgəncə verilməsini qətiyyətlə pisləyən icma rəhbəri britaniyalı naziri bu məsələyə müdaxilə etməyə çağırıb: “Böyük Britaniyanın beynəlxalq hüququn pozulmasına dözməyəcəyinə dair dünyaya aydın mesaj göndərməyimiz və bizim bu iki əsgər barədə ədalətə nail olmaq üçün səylər göstərən Azərbaycan hökuməti ilə həmrəy olduğumuzu bildirmək vacibdir. Biz inanırıq ki, insan haqlarını və qanunun aliliyini müdafiə etməklə biz dünyanı hamı üçün daha təhlükəsiz və daha ədalətli məkana çevirə bilərik”.
KARUSEL / SİYASƏT
Tarix: 18-04-2023, 11:09