mobil versiya

Müşahidə olunan hava şəraiti həm iqlim dəyişmələri, həm də yaz aylarının dəyişkən xüsusiyyəti ilə əlaqəlidir



Yaz ayları – mart, aprel, may havanın dəyişkənliyi daha çox müşahidə olunan aylardır. Həmin aylarda tez-tez yağışlar, hətta qar, dolu hadisələri, intensiv küləklər müşahidə edilir. Bu da ölkə ərazisinə müxtəlif istiqamətlərdən, şimaldan - Avropadan, şərqdən, Xəzər dənizi üzərindən hava kütlələrinin, atmosfer cəbhələrinin daxil olması nəticəsində və yerli oroqrafiya ilə qarşılıqlı əlaqə nəticəsində atmosfer proseslərini daha da mürəkkəbləşdirməsi, kəskinləşdirməsi nəticəsində baş verir. Bu cür hadisələr hər zaman müşahidə olunub. Ayrı-ayrı günlərdə temperaturun ya kəskin enməsi, ya da kəskin yüksəlməsi və müvafiq atmosfer hadisələri qeydə alınıb.
Bunu AZƏRTAC-a müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəis vəzifəsini icra edən Rafiq Verdiyev deyib.
“Ancaq qeyd etmək lazımdır ki, son dövrlərdə iqlim dəyişmələri həm müntəzəm olaraq tədricən dəyişən proseslərlə eyni zamanda, təhlükəli hadisələrin özlərinin amplitudunun və başvermə tezliyinin daha da artması ilə müşahidə edilir. Göründüyü kimi son illərdə tez-tez, sürəti saniyədə 25-30 metrə çatan, hətta ondan çox olan küləklərin əsməsi, dənizdə dalğalanma hadisələrinin başvermə tezliyinin artması, güclü dolu hadisələri, doluların ölçülərinin böyük olması, intensiv yağışlar, çaylarda sel hadisələrinin daha tez-tez baş verməsi qeydə alınır. Odur ki, mayda müşahidə olunan hava şəraiti həm iqlim dəyişmələri, həm də mart-may aylarının dəyişkən xüsusiyyəti ilə əlaqəlidir. Sadəcə olaraq iqlim dəyişmələri fonunda həmin proses daha da sürətlənib, kəskinləşib. Aprel ayında da dolu hadisələrini, ayrı-ayrı günlərdə temperaturun norma ilə müqayisədə 7-8 dərəcə yuxarı və ya aşağı olmasını müşahidə etdik. Mayın ilk yarısında da ayrı-ayrı günlərdə eyni vəziyyətlər qeydə alınıb. Gələcəkdə də belə proseslərin müşahidə olunması istisna deyil. Burada iqlim dəyişmələrinin təsirini xüsusi qeyd etmək lazımdır. İqlim dəyişmələrinin təsiri nəticəsində temperaturun artması, yağıntının azalması son illərdə su ehtiyatlarımızı da 15-20 faizə qədər azaldıb. Ancaq son iki-üç ildə havaların çox quraq keçməsi ilə əlaqədar olaraq su ehtiyatlarımız bəzi çaylarda hətta 30 faiz azalıb. Hazırda quraqlığa meyillilik artıb və ayrı-ayrı quraq illəri müşahidə edirik. Bu, həmçinin ölkəyə daxil olan çayların sululuğunun azalmasında və yerli çayların sululuğunda özünü büruzə verir”, - deyə R.Verdiyev qeyd edib.



KARUSEL / CƏMİYYƏT
Tarix: 16-05-2023, 14:05