mobil versiya

“Baku Crystal Hall”da yerli şirkətlərin sərgisi keçiriləcək



“Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, iyunun 8-də “Baku Crystal Hall”da “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi işə başlayacaq.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Kapital Bank”ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunacaq.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərginin başlıca üstünlüyü iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.
İyunun 10-dək davam edəcək sərgi çərçivəsində, həmçinin “Böyük Qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” və “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirələr təşkil olunacaq, ikitərəfli görüşlər keçiriləcək.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-06-2023, 15:33