mobil versiya

Bakıda növbəti dəfə kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçiriləcək



Mayın 17-19-da Bakı Ekspo Mərkəzində sayca 16-cı olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") keçiriləcək.
Ötən il olduğu kimi bu il də sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş etdiriləcək.
"Caspian Agro" kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, distributorlar, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerə toplayacaq. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Çexiya, Polşa, Avstriya, İspaniya, Latviya, Estoniya, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə, İsrail və Hindistan şirkətləri yer alacaq.
"InterFood Azerbaijan" isə keyfiyyətli malları bazara çıxarmaq, sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyır. Sərgidə iştirakçılar arasında Azərbaycanla yanaşı, Almaniya, Fransa, İtaliya, Polşa, Slovakiya, Sloveniya, Belarus, Rusiya, İran, Türkiyə, Çin, Şri-Lanka, Tayland və ilk dəfə Tunisdən olan şirkətlər yer alacaq.
İştirakçı və ziyarətçilərin maraqları nəzərə alınaraq, sərgilərin proqramı maraqlı tədbirlər və vacib mövzuları əhatə edir. Sərgilər çərçivəsində, dekorativ yeməklərin kompozisiyasından ibarət "Qida – sənət əsəri" sərgisi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Qızıl Şah - Qızıl Yüzlük" III Milli Kulinariya Çempionatı keçiriləcək.
Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər, yüksək keyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il baş tutacaq tura isə Naxçıvan MR-dan fermerlərin dəvət edilməsi nəzərdə tutulub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 18-04-2023, 17:47