140 qadın sahibkara 9,9 milyon manat güzəştli kredit verilib - Komitə sədri
Azərbaycanda 2022-ci il üzrə qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əmək haqqının 68,1%-ni təşkil edib. 2015-ci ildə bu nisbət 53,9% təşkil edirdi.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son 20 ildə iş dünyasında qadınların rolu və çəkisinin intensiv artdığı göz önündədir:
"İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırır. Xüsusilə kiçik və orta sahibkarlıqda biznes fəaliyyətinin dəstəklənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkcə 2023-cü ilin yanvar-avqust ayları ərzində 140 qadın sahibkara ümumilikdə 9,9 milyon manat güzəştli kredit verib".
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.
Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-10-2023, 11:04