Azərbaycan və Rumıniya XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb

Azərbaycanın Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə görüşü barədə məlumat yayıb.
Nazirlikdən bildirilib ki, C.Bayramov və L.Odobesku arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat verilib.
Heydər Əliyev Fondu tərəfindən Rumıniyada həyata keçirilən xeyriyyə layihələri yüksək qiymətləndirilib, humanitar sahə üzrə mübadilələrin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq, Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda, Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri diqqətə çatdırılıb.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
KARUSEL / SİYASƏT
Tarix: 6-11-2023, 14:49