Pakistan İranla gərginliyin bitdiyini açıqlayıb
Pakistan xarici işlər naziri Cəlil Abbas Cilani bu gün İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə danışıb.
Bu barədə Pakistan XİN-in yaydığı məlumatda deyilir.
Bildirilib ki, Pakistanın İranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusu ifadə edilib.
Pakistan xarici işlər naziri vurğulayıb ki, ərazi bütövlüyünə və suverenliyinə hörmət bu əməkdaşlığın əsasını təşkil etməlidir.
İki xarici işlər nazirləri terrorizmlə mübarizə və qarşılıqlı maraq doğuran digər aspektlər üzrə işçi səviyyəli əməkdaşlığın və sıx koordinasiyanın gücləndirilməsi ilə bağlı razılığa gəliblər. Onlar, həmçinin, vəziyyətin gərginliyini azaltmağa razılaşıblar.
İki ölkənin səfirlərinin öz paytaxtlarına qayıtması məsələsi də müzakirə olunub.
Qeyd edək ki, 16 yanvarda İran Pakistanda müəyyən mövqelərə raket zərbələri endirib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Bunun ardınca Pakistan hökuməti İrandakı səfirini geri çağırıb və İran səfirindən Pakistana səfər etməməsini istəyib. İki ölkə arasında bütün tədbirlərin keçirilməsi dayandırılıb.
Əlavə edək ki, 17 yanvarda Pakistan İrana müəyyən mövqelərə hücum edib. Nəticədə 10 nəfər həlak olub.
KARUSEL / DÜNYA
Tarix: 19-01-2024, 21:36