mobil versiya

“Balasnyan Natiq Qasımovun qətlə yetirilməsi əmrini şəxsən verib” – Dövlət Komissiyası



"Natiq Qasımovun taleyi ilə bağlı məsələ artıq ictimaiyyətə aydındır. Onunla bağlı xarici jurnalistlər tərəfindən film də çəkilərək yayımlanıb. Fimdə bilavasitə Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş keçmiş hərbçilər də danışıb".

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

O bildirib ki, onun necə əsir götürüldüyü, hansı işgəncələrə məruz qaldığı və sonrakı taleyi filmdə əks olunub: "Həmin filmdə danışan erməni hərbçi onun ağır işgəncələrlə qətlə yetirildiyini etiraf edir.

Natiq Qasımov həmin dövrdə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. Baxmayaraq ki, filmdə o, bunu danmağa uğursuz cəhd edir. Amma Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunur.

Beləliklə, Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə olması ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik".(apa)

KARUSEL / CƏMİYYƏT
Tarix: 29-04-2024, 11:21