Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq
Çin Macarıstanda iri infrastruktur layihələrində, o cümlədən Budapeşt ətrafında dəmir yolu dairəsinin və şəhərin mərkəzindən Ferents List Beynəlxalq Hava Limanına qədər yüksəksürətli dəmir yolunun tikintisində iştirak edəcək.
Bunu mayın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu ölkənin Baş naziri Viktor Orban və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında aparılmış danışıqların yekunlarına əsasən bildirib.
Tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən investisiyalar üzrə əməkdaşlığa dair 18 sənəd imzalanıb. Macarıstan XİN-in rəhbəri qeyd edib ki, Çinin Şərqlə Qərb arasında əlaqələrin inkişafına yönəlmiş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Budapeşt və Pekin birgə maliyyələşdirmə layihələrinin siyahısını hazırlayıb. Onların arasında Budapeştdən yan keçən dəmir yolu dairəsinin tikintisi də var. Peter Siyartonun sözlərinə görə, bu, Şərqi Macarıstanda Çinin iştirakı ilə tikilmiş fabriklərin məhsullarının Qərbi Avropa ölkələrinə çatdırılmasını asanlaşdıracaq.
Macarıstanlı nazir əlavə edib: “Biz, həmçinin hava limanından Budapeştin mərkəzinə sürətli və rahat gediş-gəlişi təmin edəcək sürətli dəmir yolu xəttinin tikintisi üçün hazırlıqlara başlayırıq”. O xatırladıb ki, birbaşa uçuşlar Budapeşti artıq Çinin yeddi şəhəri ilə birləşdirəcək və bu, Çindən turist axınının artmasına kömək edəcək.
Bundan əlavə, çinli investorlar Macarıstanda elektromobillər üçün enerji doldurma stansiyaları şəbəkəsinin yaradılmasında və Serbiya ilə sərhəddə sərhəd və gömrük-keçid məntəqəsinin modernləşdirilməsində iştirak edəcəklər. Onlar, həmçinin Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi layihəsinə qoşulmaq imkanlarını araşdıracaqlar. Çinin kapital qoyuluşlarının köməyi ilə son illərdə Budapeşt ilə Belqrad arasında sürətli dəmir yolunun tikintisi davam etdirilir. Çinin Macarıstan iqtisadiyyatına investisiyaları hazırda 16 milyard avronu ötüb.(azərtac)
KARUSEL / DÜNYA
Tarix: 10-05-2024, 11:28