mobil versiya

III Milli Kibertəhlükəsizlik Forumu keçirilib



Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı və “Azerconnect Group”un əsas tərəfdaşlığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” baş tutub.
Forumun əsas məqsədini kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsi təşkil edib.
350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə aidiyyəti yerli və xarici qurum, təşkilat və şirkətlərin rəhbər vəzifəli şəxlərinin, eləcə də mütəxəssislərin çıxışları dinlənilib. Habelə, “Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq”, “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” və “Kiberdiaspora” adlı panellərdə müzakirələr baş tutub.
Forumun açılışında AKTA sədri Elvin Balacanov, "Azərconnect Group"un baş direktorunun müavini Dövlət Dövlətov, eləcə də "Digital Umbrella" şirkətinin təsisçisi və direktoru Ulduzə Xəlilova ilə yanaşı, forumun fəxri qonaqları qismində “Cisco” şirkətinin baş vitse-prezidenti Adele Trombetta, “Xcitium” şirkətinin baş informasiya təhlükəsizliyi inzibatçısı Erdal Özkaya və “Nextxpert” şirkətinin rəhbəri Raymond Comvalius çıxış edərək, kibertəhlükəsizlik sahəsində son qlobal trendlər barədə öz fikirlərini paylaşıblar. Həmçinin, Forumun panel müzakirələrində “Mastercard”, “TrueSec” kimi şirkətlərin və 15 ölkənin nümayəndələri iştirak edib.

Habelə, Türk Dövlətləri Təşkilatının üzvü olan Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın kibertəhlükəsizlik üzrə aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxslərinin bir araya gəldiyi Forumda kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərə qarşı Türk dünyasının birgə mübarizəsinə dair fikirlər müzakirə edilib. Eləcə də, Gürcüstan və Rumıniyada kibertəhlükəsizliyin təmin olunması üzrə görülən işlərin təqdimatı və əməkdaşlıq perspektivlərinə dair müzakirələr baş tutub. Tədbirin iştirakçıları Forumun maraqlı müzakirələri və çıxışları ilə yanaşı sərgi bölməsində müxtəlif yerli və xarici şirkətlərin məhsul və həlləri ilə tanış olublar.
Məlumat üçün bildirək ki, Forumun tərəfdaşları “Azerconnect Group” və “Cisco” şirkətləri, qızıl sponsorları isə “Cyberpoint”, “Caspel”, “Code academy”, “Eset”, “MUK”, “Gulfstream”, “Smart İT” və “Crowdstrike” şirkətləridir. Forum haqqında ətraflı məlumatı www.cyberforum.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Forum Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən ənənəvi olaraq hər il təşkil olunur. Ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və potensialının artırılmasına dəstək vermək məqsədilə 2022-ci ildə təsis edilmiş Assosiasiya özündə ölkənin informasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ixtisaslaşmış şirkət, təşkilat və ekspertlərini birləşdirir.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-06-2024, 16:32