mobil versiya

XİN başçısı Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib




Xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərində Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib.

Reportyor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, çıxış zamanı nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar istiqamətləri üzrə təşəbbüsləri, habelə postmünaqişə dövründə bölgədə vəziyyət barədə danışıb.
Azərbaycanın ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri ilə mübarizə istiqamətinə xüsusi əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Bir sıra onlarla təşəbbüs və əhəmiyyətli tədbirlər ilə yanaşı, COP29 çərçivəsində əvvəlki iqlim maliyyəsi hədəfini 3 dəfə üstələyərək 300 milyard dollara çatdıran Bakı Maliyyə Məqsədinin qəbulu, Paris sazişinin əsas hissəsi olan 6-cı maddə üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun növbəti ildən fəaliyyətə başlamasının təmin olunmasının sədrliyimizin ən əhəmiyyətli uğurları sırasında olduğu qeyd edilib.
İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkəmizin beynəlxalq tərəfdaş və təşkilatlarla birgə irəli sürdüyü 9 təşəbbüsdən danışan nazir, bu təşəbbüslərə geniş maraq olduğunu, çoxsaylı ölkələrin təşəbbüslərə qoşulduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan olunan qlobal təşəbbüslərin iqlim dəyişikliyinin müxtəlif aspektləri, o cümlədən diqqətdən kənarda qalan problemlərə vurğu edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Ölkəmizə qarşı əsassız iddia və “neft-qaz ölkəsi” bəhanəsi altında aparılan sistematik qarayaxma kampaniyasına baxmayaraq, COP29-un uğurla həyata keçirildiyi və iqlim dəyişikliyi ilə mübarizə səylərinə vacib töhfə olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin ölkəmizin bərpaolunan külək, su, günəş enerjisi potensialı, işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib.
Yaşıl enerji sahəsində əməkdaşlıqla bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan arasında, Avropa İttifaqı, habelə Gürcüstan, Rumıniya, Macarıstanla imzalanmış strateji tərəfdaşlıqlar və layihələrin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birgə təşəbbüslərin, Xəzər və Qara dəniz hövzələrini birləşdirəcək yaşıl enerji dəhlizi kimi layihələrin əhəmiyyəti vurğulanıb.
Orta Dəhlizin inkişafı, Azərbaycan vasitəsilə keçən əmtəələrin həcminin artımından bəhs edən nazir Ceyhun Bayramov, nəqliyyat və kommunikasyalar sahəsində imkanlardan istifadənin vacibliyini qeyd edib.
Nazir ATƏT Nazirlər Şurası çərçivəsində aparımış müzakirələr, təşkilat çərçivəsində mövcud problemlər və perspektivlərdən danışıb.
C.Bayramov, o cümlədən tədbir iştirakçılarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verib.
Sülh müqaviləsinin layihəsi, o cümlədən delimitasiya prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin sülh gündəliyinə hədə törətdiyi bildirilib.
Daha sonra xarici işlər naziri Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

KARUSEL / SİYASƏT
Tarix: 6-12-2024, 17:47