mobil versiya

Səfir: " Hindistanla Azərbaycan arasında birbaşa uçuş həftədə 3 dəfədən 14 dəfəyə qalxıb"



Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin 76-cı Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Reportyor.az xəbər verir ki, Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan ölkəsinin keçdiyi tarixi inkişaf yolundan danışıb.

Biz bu gün demokratiyamızın və tərəqqimizin özülü - Konstitusiyamızın qəbul olunmasını qeyd edən önəmli bir hadisə olan Hindistanın sayca 76-cı Respublika Gününü qeyd etmək üçün toplaşmışıq. Bu əhəmiyyətli hadisə bizi qlobal nüfuza çatdırmış siyasi stabillik, transformativ islahatlar və hərtərəfli inkişafa aparan uzaqgörənliklə səciyyələnən yolu xatırlamağa dəvət edir. 

Diplomat deyib ki, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Hindistan hal-hazırda bu göstərici üzrə dünyada beşinci yerdədir və daha da yuxarıya qalxmağı hədəfləyir. Güclü rəqəmsal infrastruktur və insan resurslarının inkişaf etdirilməsindəki çevik addımlar ölkənin inkişafının təkanverici qüvvəsidir. Etibarlı tərəfdaş və etimadlı dost kimi Hindistan güvənli təchizat zəncirlərinin formalaşdırılmasında və qlobal əməkdaşlığın təşviq olunmasında qərarlıdır.

Ölkələrimiz arasında əlaqələrə toxunan səfir bildirib ki, Hindistan və Azərbaycan dərin sivilizasiya və mədəni əlaqələrə malikdir ki, bu da 2024-cü ildə bir sıra yüksək səviyyəli qarşılıqlı münasibətlərlə daha da güclənib. 2024-cü ilin yanvarında Kampalada Hindistanın Xarici İşlər naziri S. Cayşankar və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasındakı görüşlə başlayıb. 2024-cü ilin aprel ayında Azərbaycanın Xarici İşlər nazirinin müavini və “COP29”-un Baş Danışıqçısı Hindistana gedən nümayəndə heyətinə rəhbərlik edib. 

Azərbaycan Hindistan tərəfindən ev sahibliyi olunan Qlobal Cənubun Səsi Sammitinin hər üçündə iştirak edib.  2024-cü ilin avqustunda Azərbaycanın diqqətinin “COP29”-da olduğu bir vaxtda Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini sayca üçüncü belə Sammitin Ətraf Mühit nazirləri Sessiyasında iştirak edib. Azərbaycanın Gənclər və İdman naziri 2024-cü ilin sentyabrında,  2024-cü ilin oktyabrında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Hindistana səfər edib.
Hindistanın Xarici İşlər və Ətraf Mühit, Meşə və İqlim Dəyişiklikləri Ştat naziri 2024-cü ilin noyabrında “COP29”-a qatılan Hindistan nümayəndə heyətinə rəhbərlik edib. O, həmçinin 17 dekabr 2024-cü il tarixində Azərbaycanın ev sahibliyi etdiyi AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Nazirlər Şurasının 7-ci görüşünə qatılıb.

"Bizim iqtisadi əməkdaşlığımız çiçəklənməyə davam edir. İkitərəfli ticarətimiz güclü olub. 2024-cü ildə Hindistanın aparıcı qaz və neft şirkəti “ONGC Videsh Limited” (OVL) əlavə investisiyayla “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və qaz yatağında, həmçinin “Bakı-Tbilisi-Ceyhan” (BTC) boru kəməri şirkətindəki səhmlərinin sayını artırıb".
Mədəniyyət sahəsinə toxunan diplomat deyib ki, Azərbaycanın hindistanlı kinorejissorlar üçün axtarılan bir təyinat nöqtəsinə çevilməsi ilə hind kinematoqrafiyası Azərbaycanda özünə xüsusi bir yer tapıb. Son illərdə təqribən 30 hind filmi və reklam filmləri Azərbaycanda çəkilib. Hind musiqisi, rəqsi və digər sənətkarlıq növləri Azərbaycanda çiçəklənməyə davam edir. Hind icması təşkilatlarının dəstəyi ilə biz çoxlu, orta hesabla ayda bir dəfə mədəni tədbirlər təşkil edirik. Bu tədbirlərə yüzlərlə iştirakçı qatılır.

Xalqlararası münasibətlərin inkişafı fonunda Hindistan Azərbaycana gələn turistlərin sayca ən çoxluq təşkil etdiyi üçüncü ən böyük mənbə olub. 2024-cü ildə 2023-cü illə müqayisədə Hindistandan gələn turistlərin sayı 2.1 dəfə artıb. Hindistanla Azərbaycan arasında birbaşa uçuş əlaqəsi qısa müddətdə həftədə 3 dəfədən 14 dəfəyə qalxıb. Mən əminəm ki, Hindistanla Azərbaycan arasındakı nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ticarət münasibətlərimizi və xalqlararası əlaqələri daha da gücləndirəcək.

Bizim ITEC (Hindistan Texniki və İqtisadi Əməkdaşlıq) proqramına flaqmanlığımız vasitəsilə çoxsaylı Azərbaycan rəsmiləri öz bacarıqlarını təkmilləşdiriblər və təqribən 450 hindistanlı tələbənin təhsilini Azərbaycanda davam etdirdiyini görə bilərik. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı zənginləşmə üçün böyük vədlər verir.

"Azərbaycandakı coşğulu Hindistan cəmiyyətinə gəldikdə, sizin bu bağların möhkəmləndirilməsindəki rolunuz əvəzolunmazdır. Biz Hindistanın qlobal arenadakı bu kimi davamlı dostluqlarla güclənərək artan nüfuzunu birlikdə qeyd edirik".
Azərbaycan hökuməti adından hind xalqını təbrik edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, Hindistanla son illər əməkdaşlığımız üçün yaxşı imkanlar ortaya çıxıb. Hazırda ölkələrimiz arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq dinamik inkişaf edir. Bu dinamikanı artırmaq və şaxələndirmək üçün Azərbaycan regionda nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında maraqlıdır. Bu mənada Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından səmərəli istifadə yalnız bizim birgə səylərimizlə mümkündür. Eyni zamanda, Orta Dəhliz ölkələr üçün etibarlı və təhlükəsiz imkan təqdim edir.
"Birbaşa hava əlaqəsinin bərpa edilməsi nəticəsində qarşılıqlı turist səfərlərinin sayında ciddi sıçrayış baş verib. Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb. Hazırda Hindistan ölkəmizə gələn turistlərin sayına görə 3-cü yerdədir. Son illər Hindistan film sənayesinin ölkəmizin füsunkar və tarixi yerlərinə marağı artıb. Bu, iki ölkə arasında mədəni mübadilənin, mədəniyyətlərarası dialoqun inkişafına, nəticədə xalqlarımız arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək", - deyə F.Rzayev vurğulayıb.
Tədbir bədii hissə ilə davam edərək Hind musiqisindən ifalar, rəqslər təqdim edilib.





KARUSEL / SİYASƏT
Tarix: Dünən, 20:15