mobil versiya

İranla Azərbaycan arasında ticarət əlaqələri ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artıb



"2024-cü ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artmış və bu sahədə iki ölkənin ticarət əlaqələrində yeni rekord qeydə alınıb".

Reportyor.az xəbər verir ki, bunu İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanı İran İslam Respublikasının Milli Günü - İran İslam inqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

Diplomat bildirib ki, nəqliyyat, energetika və sənaye sahələrində müxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası isə hazırda daha sürətlə davam etdirilir.
İki ölkə arasında açılışı edilən və hazırda həyata keçirilən birgə layihələr, o cümlədən Şimal-Cənub dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi və terminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi və s. kimi infrastruktur və nəqliyyat sektorlarında həyata keçirilən layihələr İran Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğundan xəbər verir.
İİR ötən üç onillikdə hətta bir gün belə fasilə vermədən qurudan və havadan Azərbaycan Respublikasının əsas ərazisini Naxçıvanla birləşdirən təhlükəsiz, asan və sərfəli çıxış imkanını təmin edib. 
Əldə edilən razılaşmaya əsasən, İran ərazisindən keçən “Aras yolu” adlanan yeni və etibarlı marşrut yaxın gələcəkdə Azərbaycan Respublikasının iki hissəsi arasında (Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında) əlaqəni daha da asanlaşdıracaq. 
Seyid Cəfər Ağayi Məryanı əlavə edib ki, son bir il ərzində İran-Azərbaycan arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiyanın iclasının keçirilməsi, eləcə də İran ilə Azərbaycanın silahlı qüvvələri arasında üç birgə hərbi təlimin və bir eynivaxtlı hərbi təlimin keçirilməsi, həmçinin iki ölkə arasında bir neçə yüksək səviyyəli hərbi nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsi, şübhəsiz, iki ölkə arasında etimadın yüksək səviyyədə olmasını nümayiş etdirir.

İran İslam Respublikası, COP29 sammiti ilə bağlı logistika avadanlıqlarının sürətli və asan transferinə şərait yaratmaqla və bu tədbirdə yüksək səviyyədə iştirak etməklə Azərbaycan Respublikasının COP29 sammitinə ev sahibliyi etməsini, eləcə də müsbət səslə Azərbaycan Respublikasının D8 qrupuna üzv seçilməsini dəstəkləmişdir. Bu, iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsidir.
İran İslam Respublikası, balanslı və dinamik diplomatiyaya, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə önəm verib və qonşuları ilə, xüsusən də dost və qardaş ölkə olan Azərbaycan Respublikası ilə güclü və mehriban münasibətlərə diqqət yetirib.
Hamımız bilirik ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq və dostluq bağları bir çox tarixi, mədəni-dini və ənənəvi ortaq cəhətlərə və adət-ənənələrə görə əbədi bir bağdır və həmişəlikdir.
 
Azərbaycan hökuməti adından bayram münasibətilə İran xalqını təbrik edən Baş nazirinin müavini Şahin Mustafayev deyib ki, Azərbaycan-İran dövlətlərarası münasibətləri xalqlarımız arasında tarixən mövcud olan dostluq və mehriban qonşuluqdan qaynaqlanır. Azərbaycan Respublikası İran İslam Respublikası ilə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir. 
Hər iki ölkədə keçirilən seçkilərdən sonra yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilib. 

Eyni zamanda prezidentlər cənab İlham Əliyev və cənab Məsud Pezeşkian arasında telefon danışıqları baş tutub. 
Hazırda Azərbaycan Prezidentinin İran Prezidentinə ölkəmizə səfərlə bağlı dəvəti mövcuddur ki, biz bu səfərin iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacağına əminik. 

Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması və dövlət suverenliyimizin tam bərpası ilə regionumuzda daha fəal əməkdaşlıq üçün əlverişli mühit yaranmışdır. 

Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığı müsbət dinamika qazanmış, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoymuşdur.
Xüsusi vurğulanmalıdır ki, hər iki ölkənin prezidentləri Azərbaycan-İran münasibətlərinə böyük önəm verir və eyni mövqedən çıxış edirlər ki, əlaqələrimizin gələcək inkişafına dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir: "Prezident İlham Əliyevin Azərbaycan-İran əlaqələrinə verdiyi əhəmiyyətin bariz nümunələrindən biri onun bu günədək İrana yeddi dəfə səfər etməsidir. Bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Bununla yanaşı bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur".
 
Ticarət-iqtisadi əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox (32,7%) artmışdır. 
Prezidentlərimiz tərəfindən verilən tapşırıqlara uyğun olaraq bu istiqamətdə geniş potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlərimiz ardıcıl səylər göstərirlər. Əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsidir. 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23%-dən çox artmışdır. 

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmalar bizim üçün bir yol xəritəsidir.  Bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələr icra olunmuş, digər layihələr üzrə isə səmərəli işbirliyimiz davam etməkdədir. 
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də Siyahrud-Ordubad avtomobil körpüsünün inşası regionun logistika potensialının artırılmasına xidmət edir.

Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, habelə Astaraçay çayı üzərində yeni avtomobil və piyada körpüsünün tikintisi, Astara yük terminalının inşası və digər layihələr ölkələrimizin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionumuzun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb.

"Bununla yanaşı Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin Ordubad su elektrik stansiyası ilə bağlı Azərbaycan-İran əməkdaşlığının önəminə toxunmaq istərdim. Ölkələrimiz üçün böyük əhəmiyyət daşıyan bu infrastruktur layihələri bölgədə inkişafa və tərəqqiyə xidmət edir. Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək elektrik verilişi xəttinin tikintisi layihəsi də mühüm əhəmiyyət kəsb edir. Bütün bu layihələr “yaşıl enerji” sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.

Eyni zamanda, qeyd etdiyim kimi, bir çox digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var ki, biz mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərimizi davam etdirmək əzmindəyik. Sonda əminliyimi ifadə edirəm ki, Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir. 

 




KARUSEL / SİYASƏT
Tarix: Dünən, 20:01