Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib
Azərbaycanda sosial evlərin tikintisi ilə məşğul olan “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) əcnəbi şirkət tərəfindən məhkəməyə verilib.
REPORTYOR.AZ-ın verdiyi xəbərə görə, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “MİDA”ya qarşı iddia qaldırıb. Ərizədə “MİDA”nın borclu olduğu 8317,40 manat məbləğində pulun alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilib.
Araşdırma zamanı məlum olub ki, iddia ərizəsi “MİDA”ya poçt vasitəsilə göndərilsə də, onların iddia ərizəsini aldığına dair sübut məhkəməyə təqdim edilməyib. Buna görə də işə mahiyyəti üzrə baxılması təxirə salınıb.
Əcnəbi şirkətə izah edilib ki, qeyd edilən sənəd əlavə edildikdən sonra təkrarən məhkəməyə müraciət oluna bilər.
KARUSEL / ÖLKƏ
Tarix: 19-02-2020, 10:50