mobil versiya

Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib



Fevralın 18-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

Reportyor.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

İclası giriş nitqi ilə APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev açıb. Azərbaycanın sədrliyi ilə 26 ölkəni təmsil edən 250-dən çox nümayəndə və 7 beynəlxalq təşkilatın təmsilçisinin qatıldığı APA-nın 15-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən nümayəndə heyətinin rəhbəri, İcraedici Şuranın iclasının iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb və tədbirin təşkilinə yaradılan şəraitə görə ona təşəkkürünü bildirib.

Rizvan Nəbiyev, ötən il Azərbaycanın bütün suveren ərazilərində baş tutmuş növbədənkənar prezident və parlament seçkiləri haqqında məlumat verib, həmçinin Bakıda keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası və onun çərçivəsində qəbul edilmiş mühüm qərarların əhəmiyyəti barədə danışıb. O, COP29 çərçivəsində qəbul edilən qərarların ətraf mühitin mühafizəsi, yaşıl enerji keçidi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycanın irəli sürdüyü təkliflər iqlim dəyişmələri ilə mübarizədə önəmli addım olmaqla yanaşı, qlobal miqyasda davamlı inkişafın təmin edilməsinə töhfə verəcək.
İclasda APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat təqdim edib. O, bu müddət ərzində görülən işlərdən bəhs edib, 2026-2027-ci illər üçün APA prezidentliyi və vitse-prezidentliyinə namizədliklər, bəzi ölkələrə tam hüquqlu və müşahidəçi statusunun verilməsi məsələləri, eləcə də qurumun komitələrində müzakirə olunan qətnamə layihələri üzrə fikir və təkliflər barədə məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Sonra APA-nın 15-ci Plenar sessiyasının gündəliyi müzakirə olunub. Tədbirdə qurumun Siyasi məsələlər üzrə, İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə daimi komitələri tərəfindən irəli sürülən qətnamə layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.
İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin üzvləri İlham Məmmədov, Naqif Həmzəyev, Aydın Hüseynov, Günay Ağamalı, deputat Zaur Şükürov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.


KARUSEL
Tarix: 18-02-2025, 16:22