Çərşənbələrdən ikincisi - Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur.
Reportyor.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi tanınır.
Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.
Odla bağlı inancların tarixi min illərlə ölçülür və bu inam türk xalqlarının dünya görüşündə mühüm yer tutur. Od Günəşin yer üzündəki rəmzi sayılmış, həyatverici, isidici və qoruyucu gücə malik olduğuna inanılmışdır. Bu düşüncə animizm və tanrıçılıq inancları ilə sıx bağlıdır.
Xalq arasında Od çərşənbəsi ilə bağlı müxtəlif inanclar və adətlər geniş yayılıb. Qədim dövrlərdə insanlar tonqal başında toplaşar, odun ətrafında nəğmələr oxuyar, şeirlər söyləyərdilər. Od müqəddəs sayıldığı üçün ona hörmətlə yanaşılır, onun üzərindən atlanmaqla köhnə ilin çətinliklərindən qurtulmaq mümkün olduğuna inanılırdı.
Bu gün də insanlar Od çərşənbəsində tonqal qalayır və inancına uyğun olaraq üzərindən tullanırlar:
- “Ağırlığım, uğurluğum odda yansın!”
Bu ritualın məqsədi insanın bütün mənfi enerjidən təmizlənməsi və yeni ilə uğurla qədəm qoymasıdır.
Qeyd edək ki, Yel çərşənbəsi martın 11-də, ilaxır – Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.
2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.
Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:00