Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb

Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Reportyor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında söylənilib.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin xüsusi nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 4032 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb.
Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi üçün fəaliyyətin effektivliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: 10-07-2025, 17:24