"Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4.324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib" - nazir
2023-cü ildə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 36.811 cinayət qeydə alınıb, onlardan 87,8 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 360 fakt təşkil edib.
Bunu Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında nazir Vilayət Eyvazov deyib.
Bildirib ki, cinayətlərin 94,5 faizi və ya 34.783-ü daxili işlər və prokurorluq orqanlarının prosessual qaydada araşdırdığı hüquqazidd əməllər olmaqla 89,6 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 89,6, qeyri-aşkar şəraitdə baş verənlərin 84,6, şəxsiyyət əleyhinə olanların 98,4, onlardan qəsdən adam öldürmələrin 96,1, adam öldürməyə сəhdlərin 97,4, qəsdən sağlamlığa ağır zərər vurmaların 98,9, xuliqanlıqların 96,3, mülkiyyət əleyhinə olanların 79,6, o cümlədən soyğunçuluqların 98,1, quldurluqların və hədə-qorxu ilə tələb etmələrin 97,5, avtonəqliyyat vasitəsini qaçırmaların 97,2, dələduzluqların 92,1 faizi açılıb. Xırda talamaların açılmasının nəticələri isə 3,6 faiz yaxşılaşaraq 84,5 faizə yüksəlib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 4.324 nəfər tutulub, 254 kriminal qrup zərərsizləşdirilib.
Nazir əlavə edib ki, təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub.
Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub. Ümumilikdə 12.648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb.
Qeyri-leqal dövriyyədən 3.487 ədəd müxtəlif nominallı saxta əskinas, istifadə müddəti ötmüş 6.310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-01-2024, 16:22