Polşa sərhədlərini bağladı və xaricilərin girişinə qadağa qoydu
Polşa hökumətinin bütün dövlətlərlə sərhədləri bağlamaq və xaricilərin ölkəyə səfərini qadağan edən qərarı qüvvəyə minib.
“Report” “TASS”a istinadən xəbər verir ki, yeni növ koronavirusun yayılmasına qarşı yönəlmiş müvafiq əmr yerli vaxtla gecə yarısında qüvvəyə minib.
Xüsusi rejim 24 mart tarixinə qədər davam edəcək. Lakin, ehtiyac yaranacağı təqdirdə xüsusi rejimin müddəti 20 gün, epidemioloji vəziyyətdən asılı olaraq isə bir ay müddətinə uzadıla bilər.
Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, bu zəruri və yaxşı düşünülmüş profilaktik tədbirdir, çünki hakimiyyət bəzi qonşu ölkələrdə olduğu kimi xəstəliyin kütləvi yayılmasına imkan vermək istəmir.
Ölkənin Daxili İşlər Nazirliyi də qərarı müsbət qarşılayıb: “Əhalinin sağlamlığı üçün ciddi təhlükə yarada biləcək şəxslərin Polşa ərazisinə girişinin qarşısını almaq əsas məsələdir. Bu gündən etibarən yalnız ölkə vətəndaşları, həyat yoldaşı olan xarici vətəndaşlar, Polşa vətəndaşlarının övladları və ya qəyyumluqları altında olanlar, “Polşa kartı”, müvəqqəti və ya daimi yaşama icazəsi, iş icazəsi olan xarici vətəndaşlar, diplomatik korpusun nümayəndələri və ailələrinin üzvləri, habelə malların daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin sürücüləri sərhədi keçə bilərlər”.
Eyni zamanda, Polşa ilə bütün beynəlxalq dəmiryolu və hava əlaqələri gecə yarısından etibarən dayandırılıb. Ancaq göyərtəsində Polşa vətəndaşları olan çarter reyslər qəbul ediləcək. Artıq ölkəyə yalnız avtobus və ya avtomobil ilə getmək mümkün olacaq.
Sərhədi keçərkən bütün şəxslər anket doldurmalı, yaşayış yerlərini göstərməli və 14 günlük ev karantinində olmalıdırlar. Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb edilə və ya 5 min zlot (2 200 manat) cərimə oluna bilərlər.
Bu andan etibarən evdən çıxma qadağası həm Polşaya gələnlərə, həm də onların ailə üzvlərinə aiddir.Alış-verişə getmək və it gəzdirmək də qadağan edilib. Polşa hökuməti həmin şəxslərə ərzaq çatdıran şirkətlərin xidmətlərindən istifadə etməyi tövsiyə edib. Polşadan çıxmaqla bağlı heç bir çətinlik olmayacaq. Ancaq geri döndükdə, iki həftə karantində qalmaq vacibdir.
KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 15-03-2020, 10:00