Bazarlarda soyuq sıxım yağ məhsullarının emalı və satışı ilə bağlı monitorinq keçirilib

Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı mediada yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları monitorinq aparıblar.
Monitorinq zamanı iki bazarda qanunsuz olaraq yağların emalı və satışının həyata keçirildiyi müəyyən edilib.
Bununla əlaqədar Bakının Nərimanov rayonu, Xətai prospekti, 25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama aparılıb.

Yoxlama zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında istifadə olunan toxum xammallarının saxlanılma qaydalarına əməl edilmədiyi, emal və satış proseslərində işçilərin gigiyenik norma və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verənlər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
“Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şalbuz Vəzir oğlu Şahvələdov tərəfindən emal olunan soyuq sıxım zeytun yağı nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib. İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 18:39


























