Bakıda fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 18 Oktyabr küçəsi 37 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərov Əli Telman oğluna məxsus süd məhsullarının emalı müəssisəsində plandankənar yoxlama keçirib.
Baxış zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib. Həmçinin qanunvericiliyə uyğun markalanması olmayan 28 ədəd 2 kq-lıq duzlu pendir məhsulu, etiket məlumatlarında istehsalçı ünvanı və məhsulun çeşidi barədə düzgün məlumatlar qeyd olunmamış ümumi çəkisi 180 kq "Gülman" əmtəə nişanlı pendir məhsulu, xammal olaraq tərkibində palma yağından istifadə olunmasına baxmayaraq, etiket məlumatlarında "Palma yağı yoxdur" ifadəsi yer almış 1 kq-lıq qablaşdırmada 18 ədəd yağ məhsulu aşkarlanıb.
Müayinələrin aparılması məqsədilə müəssisədə emal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq protokollarına əsasən, "Gülman" əmtəə nişanlı holland pendirində (E.Coli) və "Ukrayna" bitki yağı spredində (Kif maya) mikrobioloji uyğunsuzluq, yağ nümunəsində isə “Natamisin” (məhsulların rəf ömrünü artırmaq üçün istifadə olunan antibiotik) aşkar edilib. Normativ sənədlərin tələbinə əsasən, yağ məhsullarında “Natamisin”in istifadəsinə yol verilmir.
Yoxlama zamanı xammal olaraq istifadə olunan təbii və quru süd məhsullarının müşayiətedici sənədləri, yağ emalında istifadə olunan nehrə qurğusunun sertifikatı təqdim edilməyib. Müəssisədə yağ məhsullarının qablaşdırılması üçün xüsusi qurğu və qəliblərin olmadığı, sözügedən prosesin başqa müəssisədə həyata keçirildiyi məlum olub.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkar edilən məhsulların satışının qadağan olunması və emalının dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərarlar qəbul olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-07-2024, 14:27