Hindistan Çinə hindli qadının özbaşına saxlanılması ilə bağlı sərt etiraz edib

Hindistan Çinə Şanxay Hava Limanında Hindistan vətəndaşının özbaşına saxlanılması ilə bağlı sərt etirazını bildirib.
Hindistan mediası xəbər verir ki, 21 noyabrda Şanxayda uçuş zamanı Çin tərəfindən Hindistan pasportuna sahib olan Böyük Britaniyada yaşayan bir qadın saxlanılıb və ona Hindistan pasportunun etibarsız olduğu deyilib, çünki o, şərqdəki Arunaçal Pradeş ştatında anadan olub.
Pekin bildirir ki, Zanqnan adlandırdığı Arunaçal Pradeş Çinin bir hissəsidir, Yeni Dehli isə bu iddianı dəfələrlə rədd edib.
Hindistan mediasının məlumatına görə, Prema Vanqjom Tonqdok adlı qadın Yaponiyaya uçan təyyarəsinə minməsinə icazə verilmədiyini və 18 saat saxlanıldığını bildirib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval çərşənbə axşamı günü verdiyi açıqlamada bildirib ki, Çin hakimiyyəti hələ də beynəlxalq hava səyahətini tənzimləyən bir neçə konvensiyanı pozan hərəkətlərini izah edə bilməyib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə axşamı bildirib ki, yoxlamalar qanun və qaydalara uyğun olaraq aparılıb.
Ceysval bildirib ki, Hindistan Çinlə baş verən hadisəni çox sərt qarşılayıb.
Asiya nəhəngləri ABŞ prezidenti Donald Trampın gözlənilməz xarici siyasəti fonunda dörd illik düşmənçilikdən sonra əlaqələrini ehtiyatla gücləndirir və bir sıra yüksək səviyyəli ikitərəfli səfərlər təşkil ediblər.
Hindistanın Baş naziri Narendra Modi avqust ayında yeddi ildən sonra ilk dəfə Çinə səfər edib və orada Çin prezidenti Si Cinpinlə birlikdə iki ölkənin rəqib deyil, tərəfdaş olduqlarına söz veriblər.
Hindistan və Çin 1950-ci illərdən bəri mübahisəli olan və zəif müəyyən edilmiş 3800 km (2400 mil) sərhədi bölüşürlər.
Əlaqələr 2020-ci ildə Himalay dağlarında baş verən toqquşmadan sonra kəsilib. Toqquşmada 20 hindistanlı və dörd çinli əsgər əlbəyaxa döyüşdə həlak olub.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 26-11-2025, 11:17



























