Naxçıvandan Türkiyəyə ixracın həcmi 25%-ə yaxın artıb

Bu ilin 10 ayı ərzində Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 47,8 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi xəbər verir.
Məlumata görə, Türkiyəyə ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıb. Türkiyə muxtar respublikanın xarici ticarət dövriyyəsində ilk yeri tutaraq 46,5 faizlik paya malik olub.
Naxçıvandan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik və travertin daş məhsullarının ixracı həyata keçirilib, Türkiyənin Naxçıvana ixracatında ərzaq və kənd təsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil məhsulları, müxtəlif texnikalar üstünlük təşkil edib.
Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük hissəsini Türk şirkətləri təşkil edir. Hazırda muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrində Türk iş adamları ilə birgə yaradılmış sahibkarlıq subyektləri aktiv fəaliyyət göstərir.
Sahibkarlığın İnkişafı Fondu, eləcə də sahibkarların şəxsi təşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında kiçik, orta və böyük həcmli çoxsaylı layihələrin icrasına start verilib.
Bildirilib ki, cari ilin 11 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək verilərək 22 milyon manatdan çox güzəştli kredit ayrılıb. Verilmiş kreditlər hesabına yeni iş yerlərinin təsis olunması imkanı yaranıb ki, bu da sosial rifahın yüksəlməsinə, iqtisadi fəallığın artmasına töhfə verir.
Qeyd edilib ki, Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər paketi hazırlanıb. Güzəştlərin 2026-cı ilin yanvarından tətbiqi nəzərdə tutulur.
Vurğulanıb ki, bu paket regionda fəaliyyət göstərən iş adamları üçün əlavə üstünlüklər yaradacaq, həm istehsal, həm də ixrac imkanlarını genişləndirərək daha rəqabətqabiliyyətli biznes mühiti formalaşdıracaq. (trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-12-2025, 12:01



























