Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib

Dünən Cənub İdman klubunun təşəbbüsü və təşkilatçılığı ilə Milli Qəhrəman, general-mayor Polad Həşimovun, Milli Qəhrəman Pəncəli Teymurovun və gənc şəhid əsgər Rasim Rufullayevin xatirəsinə həsr olunmuş klublararası boks turniri keçirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səslənib, gənc boksçular rinqə dəvət edilib.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşləri zaldakılar maraqla izləyib və onları sürəkli alqışlayıblar.
Yarışı izləyənlər arasında ölkənin tanınmış ziyalıları, idmançıları, məşqçiləri də olub. Məhz onlar qalibləri diplom, medal və fəxri fərmanlarla təltif etdilər.
Klubun təsisçisi və direktoru, beynəlxalq dərəcəli və respublikanın əməkdar məşqçisi Samir Həsənov yarışla bağlı bunlar bildirdi:“Bu gün aldığımız nəfəsə, içdiyimiz suya görə şəhidlərimizə, qazilərimizə borcluyuq və bu borc əbədidir. Polad paşamızın müqəddəs adıyla başlayan 44 günlük Vətən savaşımızda canını qurban verən şəhidlərimizin xatirəsini yad etmək, onların işıqlı yolunu gənclərimizə nümunə göstərmək hər birimiz üçün çox böyük əhəmiyyətə malikdir. Rəhbərlik etdiyim klub bu gün bu yolu seçməklə fəxr edir, belə yarışların ənənə halına çevrilməsi üçün əlindən gələni edir”.
Fəxri qonaqlardan görkəmli ictimai-siyasi xadim, tanınmış ziyalı Mirmahmud Mirəlioğlu da yarışla bağlı təəssüratını bölüşüb:
“Bu alqışalayiq təşəbbüsü ürəkdən dəstəkləyirəm. Gənclərimizin pis vərdişlərdən uzaq olmasından yana çox təqdirəlayiq hadisədir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!. Belə turnirlərin o taylı, bu taylı Azərbacanımızda keçirilməsini Uca Tanrı hamımıza qismət eləsin!”

Cənub İdman klubunun vitse-prezidenti, şəhid ailələrinə, qazilərimizə qayğısı ilə seçilən Yaşar Ağaməmmədov isə bunları söylədi:
“Həmişə deyirəm, şəhidlərimiz Azərbaycanımızın, bütövlükdə hamımızın başını elə ucaldıblar ki, o ucalıqdan enməyə haqqımız yoxdur. Bu gün Poladımız, Pəncəlimiz, Rasimimiz və bütün şəhidlərimiz qəlbimizdə elə taxt-tac qurub ki, min illər keçsə də, o zirvə yerində qalacaq, gələcək nəsillərimizin könül dastanına çevriləcək”. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:23


























